Almaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir- ÖZƏL
4 Aprel 2025 11:29 Siyasət"Almaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Səbinə Salmanova deyib: "1992-ci il yanvarın 12-də Azərbaycanın müstəqilliyini tanıyan Berlinlə Bakı arasında həmin ilin fevralın 20-də diplomatik münasibətlər qurulub. Altı ay sonra - sentyabrın 2-də Azərbaycanın Almaniyada səfirliyi, sentyabrın 22-də isə bu ölkənin Bakıda diplomatik nümayəndəliyi açılıb. Diplomatik münasibətlərin yaranmasından sonra iki ölkə arasında əlaqələr mütəmadi olaraq inkişaf edib. Xalqlarımız arasında əlaqələrin də dərin tarixi kökləri var. XIX əsrdə bir sıra alman tayfaları Azərbaycan ərazisinə köçüb, burada üzümçülüyün və şərabçılığın inkişafında mühüm rol oynayıb, eləcə də iqtisadiyyatın digər sahələrinin inkişafına böyük töhfə veriblər. Onlar Azərbaycanın siyasi həyatında da iştirak ediblər. Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentində milli azlıq fraksiyasının 4 üzvündən biri almanəsilli Lorentz Kuntz olub (Azərbaycanda alman icmasını təmsil edib). Hazırda da ölkəmizdə alman tarixi və mədəni irsinə böyük hörmətlə yanaşılır".
S.Salmanova qeyd edib ki, Prezident Frank-Valter Ştaynmayerin səfəri həmçinin onu sübut edir ki, Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini dəstəkləyir: "Almaniya Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəklədiyini də dəfələrlə bəyan edib. Frank-Valter Ştaynmayerin bu gün prezidentlərin mətbuata birgə bəyanatında "Biz Qarabağın Azərbaycan ərazisi olduğunu bilirik, tanıyırıq" deməsi bunun əyani sübutudur".