Dünya ictimaiyyəti ermənilərin etiraflarına biganədir- ÖZƏL

"1918-ci il hadisələri zamanı minlərlə azərbaycanlını qətlə yetirən Njdenin xatirəsinə 1989-cu ilin martında Qafanda ucaldılan abidənin açılış mərasimində çıxış edən Qafan Rayon Partiya Komitəsinin katibi Mkrtçyan deyib: "...Siz çox çalışdınız, amma azərbaycanlıları Ermənistandan çıxara bilmədiniz. Böyük arzularınızı nəvələriniz yerinə yetirdi. İndi Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb". Bunlar onların öz etirafları olsa da dünya ictimaiyyəti bu etirafları sanki görməzlikdən gəlir". "Olaylar" xəbər verir ki, bunu YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev deyib: "Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" Fərman imzalamışdır. Sözügedən Fərmanla martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə həyata keçirilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyev 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq etmişdir. "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanın imzalanması faktı məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Sözügedən Fərmandan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülmüş, çoxlu əsərlər yazılmış və əcnəbi dillərə tərcümə olunmuşdur. Aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, habelə Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31