Aprel döyüşləri torpaqların hərbi yolla azad edilməsinə inamını möhkəmləndirdi- ÖZƏL

"9 il əvvəl - 2016-cı ildə işğalçı Ermənistanın təcavüzkar silahlı birləşmələrinin təxribatı nəticəsində baş vermiş hərbi qarşıdurma - Aprel döyüşləri Azərbaycan Silahlı Qüvvələrinin inamlı qələbəsi ilə nəticələndi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov deyib: "Baş vermiş dördgünlük müharibədə qəhrəman əsgər, gizir və zabitlərimiz təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini işğaldan azad etdilər. Şanlı Aprel qələbəsi, həmçinin qüdrətli Azərbaycan Ordusunun qarşıya qoyulan istənilən vəzifəni - döyüş tapşırığını yerinə yetirməyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Aprel döyüşləri Azərbaycan xalqının erməni işğalı altında olan torpaqların hərbi yolla azad edilməsinə daha çox inamını möhkəmləndirdi. Aprel döyüşlərindən 4 il sonra - Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 gün ərzində Ermənistanın silahlı qüvvələrini darmadağın etməsi və öz tarixi missiyasını uğurla yerinə yetirməsi 30 illik ədalətsizliyə və torpaqlarımızın hərbi-siyasi əsarətinə son qoydu. Beləliklə, qürurlu tarixə malik olan Azərbaycan Ordusu bu gün özünün ən şanlı mərhələsini yaşayır. Bu gün Azərbaycanın timsalında bir daha əmin oluruq ki, güclü ordu dövlətin müstəqilliyinin qarantıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31