Bu nümayişlər Türkiyə siyasətinə o qədər də təsir etməyəcək- İlyas Hüseynov- ÖZƏL
1 Aprel 21:37 SiyasətMartın 19-da İstanbul meri Əkrəm İmamoğlunun həbsi Türkiyənin siyasi gündəmini dəyişdi.
Politoloq İlyas Hüseynov mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında nümayişlərin Türkiyə siyasətinə o qədər də təsir etməyəcəyini deyib:
"Qeyd etmək lazımdır ki, İstanbulun bələdiyyə rəhbəri Əkrəm İmamoğlunun həbsindən sonra Türkiyədə genişmiqyaslı etirazlar başladı və digər ərazilərə ölkə daxilində yayıldı. Burada hökumət əleyhinə müxtəlif şüarlar səslənirdi. Hesab edirəm ki, çox qısa müddət ərzində bunun qarşısının alınması da göstərir ki, Rəcəb Tayyib Ərdoğan siyasətinə inanan, onu dəstəkləyən qüvvələrin sayı kifayət qədərdir və çoxluq təşkil edir. Digər tərəfdən, Türkiyə güclü dövlətdir. Elə çətin bir coğrafi bölgədə yerləşir ki, ölkənin milli maraqlarını qətiyyətlə və prinsipallıqla müdafiə etmək lazımdır və Rəcəb Tayyib Ərdoğan bu siyasəti ustalıqla bacarır, qlobal geosiyasi güc mərkəzi kimi özünü göstərir və nəinki Türkiyə daxilində digər coğrafiyalarda sülhün təhlükəsizliyini, sabitliyini müdafiə edir. Qardaş Türkiyə ilə Azərbaycan arasında "Şuşa bəyannaməsi" dövlətlərarası münasibətlərimizi hərbi siyasi müstəviyə qaldırıb və bu da bizim gücümüzə güc qatan bir amildir. Eyni zamanda, düşünürəm ki, bu, hökumət əleyhinə nümayişlər Türkiyə siyasətinə o qədər də təsir etməyəcək. Demokratiya müstəvisində polemikalar arta bilər. Bunun özü də demokratiyanı gücləndirən amildir və eyni zamanda bu nümayişlər ola bilsin ki, sosial dəyişikliklərə müəyyən mənada səbəb olar. Bu da əhalinin rifahının, güzəranının daha da yaxşılaşmasına xidmət edəcəkdir".
Zeynəb Mustafazadə