Elçin Xalidbəyli: Əkrəm İmamoğluna qarşı ittihamlar CHP üzvlərinin şikayətləri əsasında formalaşdırılıb – ÖZƏL
1 Aprel 15:19 Siyasət"Türkiyədə, İstanbulun meri Əkrəm İmamoğlu ətrafında baş verən hadisələr əsl qalmaqaldır. Ancaq bu qalmaqaldan Türkiyənin indiki hakimiyyəti qətiyyən narahat olmaq məcburiyyətində deyil. Əksinə, bu qalmaqalda məhz Əkrəm İmamoğlunun özü və onu dəstəkləyən Cümhuriyyət Xalq Partiyası narahat olmalıdır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib:
"Əkrəm İmamoğluna qarşı irəli sürülən iddialar olduqca qorxunc bir məzmun daşıyır. Əgər iddialar təsdiqlənərsə, bu, dünya tarixinə düşə biləcək bir ittihamlardır. Təbii ki, Əkrəm İmanoğlunun müəyyən sosial bazası var. Eyni zamanda CHP-nin də sosial bazası bura əlavə olunub. Ona görə də hələlik etiraz dalğası nisbətən yüksək səviyyədə görünür, ancaq zaman keçdikcə bu etiraz dalğası sönməyə başlayacaq və öz əhəmiyyətini tamamilə itirəcək. Çünki məsələ ondadır ki, bir müddətdən sonra istintaqın davamında və məhkəmə prosesində Əkrəm İmamoğlunun törətdiyi maliyyə maxinasiyaları ilə bağlı rüşvət və korrupsiya ilə bağlı sənədlərin ortaya çıxması prosesi başlayacaq və həmin sənədlər reallığı əks etdirərsə, o zaman CHP və Əkrəm İmamoğlu üçün ciddi problemlər yaranmağa başlayacaq. Xüsusilə də sosial bazanın dəstəyinin itirilməsi qaçılmaz olacaq".
Siyasi şərhçi əlavə edib ki, Əkrəm İmamoğluna qarşı ittihamlar CHP üzvlərinin şikayətləri əsasında formalaşdırılıb və bu, həm İmamoğlu, həm də CHP üçün ciddi problemlər yarada bilər.
"Önəmli məqamlardan biri ondan ibarətdir ki, Əkrəm İmamoğlunun əleyhinə ifadə verənlərin hamısı onun da təmsil olunduğu Cümhuriyyət Xalq Partiyasının üzvləridir. Bu da çox maraqlı və qəribə bir məqamdır. Yəni Əkrəm İmamoğlunun rüşvət və korrupsiyada ittiham olunaraq həbs olunması üzərindən Ərdoğan hakimiyyətinə qarşı hansısa ittihamların irəli sürülməsi tamamilə yersizdir. Çünki Əkrəm İmamoğluna qarşı ittihamlar məhz CHP siyasətçilərin şikayətləri əsasında formalaşdırılıb və əslində Əkrəm İmamoğlu CHP-də bir qruplaşma tərəfindən ittiham olunur. Yəni onun həbsi də, məhkəmə qarşısına çıxarılmasının məsuliyyəti də məhz həmin qruplaşmanın üzərinə düşür. İndi gələcəkdə bu hansı səviyyədə təsdiqlənəcək və yaxud da təsdiqlənməyəcək bu, başqa məsələdir. Amma təsdiqlənərsə, bu, həm Əkrəm İmamoğlu, həm də CHP üçün çox ciddi problemlər yaradacaq. Zaman keçdikcə etiraz dalğası da zəifləyəcək. Eyni zamanda, əgər ittihamlar faktlarla, sübutlarla, sənədlərlə təsdiqlənərsə, bu halda ümumiyyətlə, CHP və onun sosial bazasının etiraz etmək üçün heç bir səbəbi qalmayacaq və bu baxımdan təxminən 3-5 aydan sonra indiki etiraz dalğası ilə bağlı yaranmış situasiya tamamilə Əkrəm İmamoğlunun və Cümhuriyyət Xalq Partiyasının əleyhinə çevrilə bilər".