Ermənistanın Qərbə inteqrasiyası: Üç ayrı hərbi qüvvə və gərginlik riski – ÖZƏL

Ermənistanın konkret beynəlxalq siyasətinin olmaması ölkənin gələcəyi üçün risklər yaradır. Qərb, Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan sərhədlərinin açılmasını və Rusiyanın təsirinin zəiflədilməsini istəyir, lakin belə olan halda Rusiya, Ermənistana qarşı sanksiyalar tətbiq edə bilər. Bu isə ölkə üçün ağır nəticələr doğura bilər və regionda yeni müharibə riskini artıra bilər.

"Nikol Paşinyandan əvvəl Ermənistan Rusiyanın forpostu rolunda çıxış edirdi, yəni birtərəfli qaydada fəaliyyət göstərirdi. Buna rəğmən, diasporun köməyi ilə Ermənistanın Qərb dövlətləri ilə əlaqələri də normal vəziyyətdə idi. Ancaq Paşinyan 2018-ci  ildə hakimiyyətə gəldikdən sonra Köçəryan, Sarkisyan dövründə olan ənənəvi siyasəti dəyişdirdi və tamamilə Qərbə doğru üz tutmağa başladı".

Bu fikirləri siyasi şərhçi Zeynal Əmrəliyev Olaylar.az-a açıqlamasında qeyd edib. Siyasi şərhçi bildirib ki, Ermənistan Qərbə inteqrasiya edərək, Rusiyanın təsirindən çıxmağa çalışır, ABŞ və Avropa Birliyi ilə əməkdaşlıq edir, eyni zamanda İranla müttəfiqlik qurmağa yönəlir:

"Ermənistan Qərbə doğru inteqrasiya prosesinə start verib və bununla bağlı həm Rusiyanın, həm də Rusiyanın orbitinə daxil olan təşkilatlar - Avrasiya İqtisadi İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi qurumlarla əməkdaşlığı dayandırmaq və hətta bu qurumları tərk etmək barəsində bəyanatlarla tez-tez çıxış edir və bunun müqabilində də artıq Ermənistan Qərbin hərbi kontingentinin öz ölkəsinə yerləşdirilməsinə çalışır. Məhz Amerika Birləşmiş Ştatları ilə imzalanmış Strateji Əməkdaşlıq haqqında müqavilənin şərtlərində bu var ki, ABŞ-nin sərhəd patrul dəstələri Ermənistana yerləşdiriləcək. Artıq ABŞ Almaniyada olan müəyyən hərbi kontingentini Ermənistana gətirib və eyni zamanda müşahidə missiyası adı altında Avropa Birliyinin bir qrupu da Ermənistan-Azərbaycan sərhədinə gətirilib və burada Azərbaycana qarşı təxribat prosesini həyata keçirir. Həmçinin nəzərə alaq ki, Gümrüdə Rusiyanın hərbi bazası da var. Yəni bu hərbi baza da fəaliyyət göstərir və eyni zamanda İran Ermənistanla müttəfiqlik münasibətləri qurmağa çalışır. İrandan Ermənistana hərbi kontingentinin getməsi barəsində Azad İran Teleqram kanalında bir müddət əvvəl görüntülər paylaşılmışdır".

Zeynal Əmrəliyev əlavə edib ki, Ermənistan, ABŞ, Rusiya və İranın hərbi qüvvələrini öz ərazisində saxlayaraq regionda gərginliyi artırır və bu, ciddi toqquşmalara səbəb ola bilər:

"Ermənistan bir-birinə zidd olan üç fərqli qrupun hərbi qüvvəsini öz ölkəsində saxlayır. Bu qüvvələr bölgə üçün çox böyük təhlükə vəd edir və gələcəkdə ciddi toqquşmalara səbəb ola bilər. Nəzərə alaq ki, Ukrayna məsələsinə görə ABŞ və Rusiyanın arasındakı münasibətlər getdikcə gərginləşir. Çünki Rusiya tərəfi danışıqlar masasına hələ ki oturmur və bu prosesin Amerika Birləşmiş Ştatlarının Rusiyaya qarşı sanksiya siyasətinin kəskinləşməsinə səbəb olacağı barəsində fikirlər var. Yəni ikitərəfli münasibətlər getdikcə gərginləşir. ABŞ ilə İran münasibətləri isə nüvə məsələsinə görə getdikcə gərginləşir, hətta toqquşma riski böyükdür. Belə olan halda Ermənistan daxilində olan bu ölkələrin hərbi qüvvələrinin toqquşması an məsələsidir və Paşinyan nəinki öz ölkəsini, bütün regionu təhlükə altına atır".

Ermənistan konstitusiyasında hansısa bir dəyişiklik edəcək mi? 

"Bu da sual altındadır. Yəqin ki, beynəlxalq siyasətlə bağlı Ermənistan konkret olaraq öhdəlik götürəcək və artıq beynəlxalq siyasətinin nəyə doğru fokuslandırılması istiqamətində real mənzərə ortaya qoyacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31