Azərbaycan-Türkiyə strateji müttəfiqliyi: Tarixi maneələr və ortaq hədəflər – ÖZƏL

"Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə süqut edəndən beş ay sonra sovet hakimiyyəti Qərbi Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana birləşdirdi və beləliklə, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvanla quru bağlantısı pozuldu".
Bu fikirləri İlham Əliyev İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılışında səsləndirib.

"Azərbaycan Prezidenti İlham Əliyevin sovet hökuməti dövründə Qərbi Zəngəzurun Ermənistana verilməsi ilə Azərbaycan və Türkiyənin arasında sədd çəkilməsinin səbəblərinə, Naxçıvanla quru bağlantısının pozulmasına toxunması böyük önəm daşıyır. Sovet hökuməti, o cümlədən rus imperializmi məhz bu səbəbdən Qərbi Zəngəzuru Ermənistana birləşdirmişdi. Əgər Azərbaycana aid torpaqların Ermənistana verilməsi ilə Azərbaycan və Türkiyə arasında  bloklanmış zona yaradılmamış olsaydı, Azərbaycan və Türkiyənin ortaq fəaliyyəti üçün necə böyük perspektivlər açılacağını sovet hökuməti də anlayırdı. İndiki Azərbaycan-Türkiyə İttifaqının gücü və hədəfləri də onu göstərir ki, sovet hökuməti məhz o məkrli addımları atarkən indiki  Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin qarşısına keçmək məqsədi güdürmüş".

Bu fikirləri Olaylar.az-a açıqlamasında Elçin Xalidbəyli bildirib. O qeyd edib ki, zaman  Azərbaycan və Türkiyənin xeyrinə işləyir və Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə qarşı dayanmaq artıq mümkün deyil:

"İğdır-Naxçıvan qaz kəmərinin açılışının baş tutması təbii ki, olduqca önəmli  hadisədir. Çünki Naxçıvan əhalisi nəhayət ki, enerji resursları ilə təmin olunacaq. Naxçıvanın enerji təhlükəsizliyi artıq birmənalı şəkildə təmin olundu və bu məsələ məhz Azərbaycanın strateji müttəfiqi Türkiyə üzərindən reallaşdırılmış oldu. Bu onu göstərir ki, Azərbaycan- Türkiyə ilə müttəfiq olaraq olduqca önəmli hədəflərə çatmaq imkanlarını, perspektivlərini də ön plana çıxarmış olur. Türkiyə Azərbaycan üçün,  Azərbaycan da Türkiyə üçün olduqca böyük strateji əhəmiyyət daşıyır. Azərbaycan Türkiyənin Cənubi Qafqazda yerləşməsi üçün ən önəmli açar dövlətdir və eyni zamanda qardaş ölkədir, müttəfiq dövlətdir və Türkiyə üçün də Cənubi Qafqaz regionu geopolitik anlamda böyük önəm daşıyır. Bu baxımdan Cənubi Qafqazda  Azərbaycan-Türkiyə İttifaqının fəaliyyəti, ortaq hədəfləri bu regionun gələcək taleyini müəyyən edə biləcək əsas faktordur. Eyni zamanda, Türkiyə üçün Azərbaycanın dəstəyi çox böyük önəm daşıyır. Çünki son vaxtlar Azərbaycan dövləti Türkiyənin atdığı bütün addımlara dəstək verdiyini açıq şəkildə nümayiş etdirir. Eyni zamanda, Suriya böhranının nizamlanması prosesində  Azərbaycan Türkiyənin yanında olduğunu göstərir. Azərbaycan Türkiyəyə Suriya məsələsində tam şəkildə dəstək verir və Azərbaycan Türkiyə ilə bərabər addımlamaqda davam edir.
 Müasir dövrün imkanları  Azərbaycan və Türkiyənin ortaq fəaliyyəti qarşısında aciz duruma düşməkdədir. Bundan sonra iki qardaş ölkənin qlobal məkanda ortaq fəaliyyət göstərərək, türk dünyasının maraqlarını ən yüksək səviyyədə təmsil edəcəkləri qətiyyən şübhə doğurmur".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31