Bakıətrafı dəmiryol xətlərində yeni stansiyaların yerləşəcəyi ərazilər açıqlanıb

Bakıətrafı dəmiryol infrastrukturunun genişləndirilməsi çərçivəsində Kürdəxanı, Saray, Fatmayı, Binəqədi və Güzdəkdə stansiyaların yaradılması nəzərdə tutulur. Güzdək stansiyası Xırdalan-Sumqayıt xətti üzərində yerləşəcək.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev Yeni Suraxanı-Hövsan xətti üzrə görülən işlərlə bağlı Hövsan qəsəbəsinə təşkil olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, dəmiryol xətlərinin bərpasından sonra Bakıətrafı ərazilərdə stansiyaların sayının 15-dən 40-a çatdırılması planlaşdırılır.

Bəxtiyar Hacıyevin sözlərinə görə, artıq Yeni Suraxanı-Hövsan xəttində işlərə, o cümlədən hərəkətin təhlükəsizliyini təmin etmək üçün çəpərləməyə başlanılıb. Bərpası nəzərdə tutulan xətlər arasında ilk növbədə bu xəttin istifadəyə verilməsi planlaşdırılır.

Şöbə müdiri qeyd edib ki, Yeni Suraxanı-Hövsan istiqamətində qatarlar Bakı Dəmiryol Vağzalından hərəkət edərək Bakıxanovdan keçəcək. Xətt Yeni Suraxanıdan sonra Hövsan MİDA yaşayış kompleksinin yerləşdiyi ərazi boyunca davam edərək Hövsan limanı ərazisinə çatacaq.

Zabrat-Maştağa-Bağlar istiqamətində hərəkət Bakı Dəmiryol Vağzalından başlayaraq Bakıxanov və Zabrat-2 stansiyalarından keçməklə Maştağa və Bağlar ərazisinədək davam edəcək. Bakıxanov-Binə-Qala xətti isə Binə və Qala ərazilərini əhatə edəcək.

Bəxtiyar Hacıyev bildirib ki, "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı" çərçivəsində bütün işlərin 2030-cu ilədək tam yekunlaşdırılması nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31