Qarabağda “bunker görüşü”nün detalları – Qukasyanın Bakıda dedikləri yalan çıxdı
16:21 SiyasətAzərbaycana qarşı hərbi cinayətlərdə ittiham olunan şəxslərin Bakıda keçirilən məhkəmə prosesində verdikləri ifadələr Ermənistanda rezonans doğurub.
Qarabağdakı keçmiş qondarma rejimin "rəhbərlərindən" olmuş Arkadi Qukasyanın açıqlaması ermənilər arasında birmənalı qarşılanmayıb. Qukasyan 44 günlük müharibənin ikinci günündə digər keçmiş "lider" Bako Saakyanla birlikdə Qarabağa getdiyini, Araik Arutyunyanla görüşdüyünü və ondan müharibənin dayandırılması üçün səy göstərməyi istədiyini bildirib. Ermənistan KİV-də sözügedən görüşün bunkerdə baş tutduğuna dair məlumatlar yayılıb. Hətta Ermənistanın Baş naziri Nikol Paşinyanın da həmin vaxt orada olduğu iddia edilir.
Olaylar.az xəbər verir ki, Saakyanın sabiq müşaviri, Ermənistan parlamentinin "Şərəfim var" fraksiyasının deputatı Tiqran Abramyan Bakonun bunkerdəki görüşə qatılmadığını deyib.
"Paşinyanla Saakyan arasında müharibə müddətində heç bir dialoq olmayıb. Onunla yanaşı Arkadi Qukasyan və adı çəkilən bir neçə erməni general da görüşdə iştirak etməyiblər. Hətta ümumiyyətlə danışıqlar prosesinə qatılmayıblar", - Abramyan bildirib.
Qeyd edək ki, Arkadi Qukasyan, Araik Arutyunyan və digər ittiham olunan şəxslər separatçıların tamamilə İrəvana tabe olduğunu və Ermənistan rəhbərliyi tərəfindən idarə edildiklərini söyləyiblər. Hətta Arutyunyan son ifadəsində müharibənin bitməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevə məktub yazmaq istədiyini, lakin Nikol Paşinyanın buna mane olduğunu vurğulayıb. (Globalinfo.az)