İran qarışdı: hakimiyyət parçalanır – Pezeşkianın istefa ərizəsində nə yazılıb?
16:15 Siyasətİranda vəziyyət gərginləşir. Bu ölkədə inqilab olacağı haqda fikirlər səsləndirilməkdədir. İranın strateji məsələləri üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif istefa verib. Qeyd edilir ki, Zərif iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Hemmatinin impiçmentindən sonra bu qərarı verib.
İsrail mediasının yaydığı məlumata görə, İran Prezidenti Məsud Pezeşkian istefa ərizəsini ölkənin Ali rəhbəri Əli Xameneiyə təqdim edib. Lakin Xamenei bu addımı qəti şəkildə rədd edərək deyib ki, prezidentin gedişi İranı həm beynəlxalq ictimaiyyətin, həm də öz xalqının gözündə "zəif" edəcək.
Olaylar.az xəbər verir ki, Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar mərkəzinin sədri, politoloq Sədrəddin Soltan deyib ki, İranda vəziyyət ağırlaşmaqdadır:
"Keçmiş prezident İbrahim Rəisinin kabinetində təmsil olunmuş sənaye və mədən naziri Rza Fatemi və keçmiş kənd təsərrüfatı naziri Cavad Sədatnejad həbs etməklə, eyni zamanda Məhəmməd Cavad Zərifi və Əbdülnasirini istefaya göndərməklə vəziyyətin düzəldəcəyini zənn edirlər.
Sədrəddin Soltan
4 şəxs indiki vəziyyətdə Tehran hakimiyyətinin xilas edilməsi üçün "günah keçisi" rolundadır. Bu addımlarla İranda nə tümən infilyasiyasının qarşısını almaq, nə də neft və qazı ixrac etmək mümkündür. İran iqtisadiyyatı neft və qaz ixracatına bağlıdır. Bu sahə isə davamlı sanksiyalara məruz qalır. ABŞ Prezidenti Donald Tramp da İrana maksimum təzyiq haqqında sərəncam imzalayıb. Bu sazişə əsasən İranın neft ixracatı 0-a endirilməlidir. Belə iqtisadiyyatı olan ölkə ciddi maliyyə problemləri ilə üzləşə bilər. Tehran hakimiyyətinin "qara bazar"da keçirdiyi əməliyyatlar da ifşa olunub. İran üçün "qara bazar" da bağlanıb".
Politoloqun sözlərinə görə, İran vəziyyətə hərbi polis rejimi sayəsində nəzarət etməyə cəhd göstərir:
"Yaxın dövrlərdə İran hakimiyyətinin güc strukturlarında ciddi parçalanmanın olması da istisna olunmur. Güc strukturları cəmiyyətə bağlıdır. Baş verən hadisələr onların da yaxınlarına təsirsiz ötüşmür. İnsanların alıcılıq qabiliyyəti aşağı düşür. Günü-gündən ərzaq, kənd təsərrüfatı malları bahalaşır. Vətəndaşların alıcılıq qabiliyyətləri olmur. Bu da sosial partlayışa səbəb olur. Sosial partlayışlar da siyasi məsələlər yaradır".