İğdır-Naxçıvan qaz kəməri: Yeni enerji əməkdaşlığının təməli – ÖZƏL
16:01 SiyasətTürkiyənin Energetika və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Moskvada "A Haber"in jurnalistinə açıqlamasında deyib ki, İğdır-Naxçıvan kəmərinin tikintisi başa çatıb. Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə kəmərin açılış mərasimi keçiriləcək.
İğdır-Naxçıvan kəmərinin tikintisinin başa çatması Azərbaycan və Türkiyəyə hansı dividendlər gətirəcək? Regionun enerji siyasətində Bakı-Ankara tandemi nəyi hədəfləyir?
Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlama verib. Siyasi şərhçi bildirib ki, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətləri siyasi, iqtisadi və enerji sahələrində strateji tərəfdaşlığa çevrilərək beynəlxalq aləmdə mühüm əhəmiyyət kəsb edir:
"Ölkəmiz müstəqillik əldə etdikdən sonra Azərbaycanla Türkiyə arasında bütün sahələrdə irəlləyişlər olduğu kimi, iqtisadi və ticarət əlaqələri də formalaşmağa başladı. Buna baxmayaraq, ortaq mədəniyyətə, milli kimliyə malik olan Azərbaycan və Türkiyə arasındakı əlaqələr tarixən çox sıx olub. Azərbaycan-Türkiyə həmişə bir-birini həm siyasi, həm də iqtisadi cəhətdən dəstək göstərməklə dünya üçün örnək münasibət nümayiş etdirib. Günümüzdə də enerji dövlətlər üçün əsas təhlükəsizlik probleminə və beynəlxalq münasibətlərdə əsas gündəm məsələlərindən birinə çevrilib. Bu səbəbdən də Türkiyə və Azərbaycan arasındakı etibarlı tərəfdaşlıq bütün sahələri əhatə etməklə özünün ən yüksək səviyyəsinə yüksəlib. Bu əlaqələr isə siyasi, hərbi, elmi, təhlükəsizlik, enerji əlaqələri ilə məhdudlaşmayaraq, beynəlxalq aləmdə strateji əhəmiyyət kəsb edən təbii qaz və neft əməkdaşlığına qədər genişlənib. Yüksək səviyyəli qardaşlıq münasibətləri sayəsində Türkiyə və Azərbaycanın enerji perspektivləri və enerji təhlükəsizliyi hər iki tərəf üçün prioritet şəkildə inkişaf etməkdədir".
Siyasi şərhçi əlavə edib ki, İğdır-Naxçıvan qaz kəmərinin tikintisinin başa çatması Azərbaycan və Türkiyə arasında enerji əməkdaşlığını gücləndirərək Naxçıvanın qaz təminatında təhlükəsizliyi və iqtisadi səmərəliliyi təmin edəcək.
"Bunun nəticəsidir ki, müxtəlif sahələrdəki genişmiqyaslı əməkdaşlıq əlaqələrinin davam olaraq, 2023-cü ilin sentyabrın 25-də Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə İğdır-Naxçıvan qaz kəmərinin təməli qoyuldu. Artıq bu yaxınlarda kəmərin tikintisi başa çatıb. İğdır-Naxçıvan təbii qaz boru kəməri Türkiyə ilə Azərbaycan arasında enerji əməkdaşlığını və təhlükəsizliyini gücləndirməkdə öz töhfəsini verəcək. Eyni zamanda, kəmər Türkiyə ilə Azərbaycan arasında güvənli və səmimi əməkdaşlığı dərinləşdirəcək və Naxçıvanın İrandan qaz asılılığına son qoyacaq. Uzun illərdir ki, Naxçıvan təbii qazla təminatında risklər mövcud olsa da, qardaş Türkiyə vasitəsilə gələcək qaz bu təhdidləri aradan qaldıracaq, həmçinin maliyyə baxımından daha səmərəli olacaq".
Səidə Ramazanova