Ukraynalılar müqəddəratlarını öz əllərində saxlamalıdırlar."- Tofiq Abbasov- ÖZƏL
27 Fevral 2025 18:17 SiyasətMüharibənin təsirləri ilə Ukraynanın faktiki olaraq bölünmə prosesinə doğru irəlilədiyi və ərazilərinin gələcək taleyinin qeyri-müəyyən olduğu fikri gündəmi zəbt edir. Eyni zamanda, bu çətin vəziyyətin yaranmasında Ukraynanın öz siyasi strategiyasında buraxdığı səhvlər də diqqət mərkəzindədir. Beləliklə, münaqişənin dinamikası və Ukraynanın strateji qərarları ölkənin gələcəyini formalaşdıran əsas amillərdən biri kimi önə çıxır.
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Olaylar.az-a açıqlama verib. Politoloq Ukraynanın kortəbii şəkildə qərbləşmə siyasətinə qoşulmağının siyasi çaxnaşmaların səbəbi olduğunu qeyd edib:
"Ukrayna bir dövlət kimi artıq 20 ildən çoxdur ki, sanki vulkan üzərində qərarlaşıb. Daim çaxnaşmalar, siyasi kataklizmlər baş verir. Əlbəttə, kənar müdaxilələr burada özünü göstərib və çox güman ki göstərəcək də. Digər tərəfdən də Ukraynanın Qərbə inteqrasiyası çox hamar bir proses olmayacaq. Hələ Viktor Yanukoviçin prezidentliyindən başlayaraq, bu məsələ ətrafında çox böyük oyunbazlıq, intriqalar, fitnə-fəsad və nəticədə hakimiyyət dəyişikliyi, çevrilişi, meydan hərəkatı baş verdi. İndi də Rusiya ilə amansız qarşıdurma. Hesab edirəm ki, ilk növbədə bu prosesdə Ukraynanın özlərini qərbpərəst sayan qüvvələrinin çox böyük günahı var. Mən bunun özüm canlı şahidi olmuşam. Kiyevdə, Xarkovda olarkən - 2013, 2014-cü illərdə o proseslər açıq şəkildə artıq cəmiyyətin həyatına sirayət edirdi. Faktiki olaraq bir millətin olmasından yox, ən azı iki millətin olmasından danışmaq yerinə düşürdü. Çünki ölkə parçalanmışdı: qərbpərəstlərlə şərqpərəstlər, demək olar ki, ayrı-ayrı cinahlarda dayanmışdılar, hər halda üz üzə dayanmışdılar. Mən bunun şahidi olmuşam, çünki konfranslarda iştirak etmişəm, bilavasitə ekspert şurasının üzvləri ilə danışmışam. Bu o deməkdir ki, Ukrayna ilk növbədə kortəbii şəkildə bu qərbləşmə siyasətinə baş qoşdu və orda kənar müdaxilələr əlbəttə ki, var idi. Və bu kənar müdaxilələr Ukraynanı uçurumun kənarına gətirib çıxartdı. Sonra artıq Rusiya demək olar ki, əks gedişlər etməklə çalışdı ki,Ukraynanı tənbeh etsin. Adını qoyub "xüsusi hərbi əməliyyat", amma əslində bu artıq bütün göstəricilərinə görə müharibə miqyasını daşıyan bir qarşıdurmadır".
Politoloq Ukraynanın bir neçə yerə parçalanacağını da bildirib:
Mən elə başa düşürəm ki, Ukrayna birincisi parçalanacaq, yəni ən azı iki yer, çox güman ki, üç yerə parçalanacaq. İkinci tərəfdən Ukraynanın keçmiş baş naziri 90- ların əvvəlində Fokinin müsahibəsini xatırlayıram. Bir müsahibədə dedi ki, bəs mən bu yaxınlarda Z. Bjezinski ilə görüşmüşəm və o mənə dedi ki, 25-30-cu illər üçün Ukraynada 20 milyondan artıq insan qalmalı deyil. Mən dedim siz nə danışırsınız, axı bizim 52 milyon əhalimiz var. O dedi ki, indi 52 milyon əhali var, amma 25-ci 30-cu illər üçün Ukraynada bir belə əhali qalmayacaq".
Politoloq onu da qeyd edib ki, yeni hakimiyyət yaranarsa ukraynalılar öz müqəddəratlarını öz əllərində saxlamalıdırlar:
"Səhv əlbəttə özlərinindir. Kortəbii şəkildə qərbə doğru atlanmaq, Qərbin guya Ukraynaya dəstəyini olduğundan da yüksək səviyyədə dəyərləndirmək. Bunlar hamısı bağışlanmaz səhvləridir. Həmişə sual edirəm ki, hardadır Yaroş, Turçinov, Yatsenyuk? Onlar demək olar ki, rusca danışmırdılar ki, düşmən dilidir. Az qalsın ingilis dilində camaatla danışırdılar ki, bu bizim doğma dilimizdir. Nə oldu? Bəs sizin doğmanız, ya doğmalarınız niyə belə dönük çıxdılar sizə? İndi Tramp gələndən sonra dedi ki, Ukraynaya dəstək verməyəcəm, Avropa dedi verəcəyəm, Tramp dedi müharibə dayansın, Avropa dedi yox dayanmasın, davam etsin. Yəni,insanlar öldürülsün, hər iki tərəfdən, o cümlədən ilk növbədə Ukraynanın insanları, sonra isə qeyri-müəyyən vəziyyət yaransın. Ukraynanı idarə edən oliqarxlar tərəfindən idarə edən şəxslər istədiklərinə nail olsunlar. Bu istəklər əlbəttə ki, qazanc əldə etməkdir. Mən elə başa düşürəm ki, indi əlbəttə, Vaşinqtonun da, Moskvanın da, Rusiyanın da sözü, səsi eşidiləcək. Amma bunlar gərək bir nöqtədə kəsişsinlər. Çünki bu baş verməsə, Ukraynanın vəziyyəti çox acınacaqlı olacaq. Hər halda bəziləri fərziyə edirlər ki, Ukrayna zühur eləyə bilər. Mən buna inanmıram. Çünki Ukraynanın bir o qədər də gücü, potensialı yoxdur ki, Rusiya qarşısında duruş gətirsin. Əksinə, Ukraynanın imkanları məhduddur, bacarıq və əraziləri perimetrinə görə balacadır. İnsanlar artıq yorulublar, gedənlər gedib, qalanlar qalıblar. Qalanların gözləntilərini təcrid etmək olmaz. Hesab edirəm, indiki zamanda Ukraynanın hakimiyyətə gələcək yeniqüvvələri gərək ilk növbədə ölkənin bütövlüyünü, sonra xalqın birliyini təmin etsinlər. Ölkənin birliyi olacaq ya yox bu hələ məlum deyil. Amma xalqın, millətin birliyi son dərəcə vacib məsələdir və arzu edirəm ki, ukraynalılar öz müqəddəratlarını öz əllərində saxlasınlar, kənar qüvvələrə verməsinlər".
Zeynəb Mustafazadə