"Azərbaycan Afrika ilə əməkdaşlığını genişləndirərək dünya arenasında öz yerini möhkəmləndirir" – Azad Məsiyev – ÖZƏL
27 Fevral 2025 17:43 SiyasətAzərbaycan müstəqilliyini bərpa etdikdən sonra Afrika ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığını genişləndirib. Xüsusilə, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi və COP29 çərçivəsində keçirilən görüşlər Afrika dövlətləri ilə əlaqələrin inkişafına təkan verib.
Afrika ilə əməkdaşlıq siyasi, iqtisadi, müdafiə, enerji, təhsil, humanitar və minatəmizləmə sahələrini əhatə edir. SOCAR bu qitədə neft-qaz layihələrində, "ASAN xidmət" isə dövlət xidmətlərinin təkmilləşdirilməsində iştirak edir. Bundan əlavə, Azərbaycanın hərbi təyinatlı məhsullar ixrac etməsi və müdafiə sənayesi sahəsində Afrika ölkələri ilə əməkdaşlıq etməsi diqqət çəkir.
Təhsil sahəsində də əlaqələr inkişaf edir - Azərbaycanın ali məktəblərində Afrikanın 35 ölkəsindən tələbələr təhsil alır. Humanitar yardım sahəsində isə Azərbaycan Afrika ölkələrinə beynəlxalq proqramlar vasitəsilə dəstək göstərir.
Xüsusilə Qvineya-Bisau ilə əməkdaşlıq yeni müstəviyə keçib.
Bəs bu əlaqələr Azərbaycanın qlobal strategiyasında hansı rolu oynayır?
Mövzu ilə bağlı siyasi şərhçi, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev Olaylar.az-a bildirib ki, Azərbaycan balanslaşdırıcı xarici siyasət yürüdərək çoxşaxəli iqtisadi və siyasi əlaqələrini genişləndirir:
"Ukrayna-Rusiya münaqişəsi ilə əlaqədar dünyanın iqtisadi, siyasi sistemi köklü şəkildə pozulmuşdu. Təbii ki, Azərbaycan da dünyanın tərkib hissəsi olduğuna görə dünyada gedən proseslər Azərbaycana da birbaşa təsir edir. İstər iqtisadi, istərsə də siyasi sahədə olsun. Təbii ki, Azərbaycan öz xarici siyasət doktrinasında balanslaşdırıcı siyasətə üstünlük verir və bu balanslaşdırıcı siyasətin Beynəlxalq Hüquq prinsipində həyata keçirilməsində maraqlıdır və siyasəti bu sahədə həyata keçirməkdədir. Azərbaycan çoxşahəli iqtisadi siyasət həyata keçirir. Bir çox platformalarda, həm iqtisadi, həm də siyasi sahələrdə əməkdaşlığı genişləndirir və bildiyiniz kimi, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür. Azərbaycan Türk Dövlətləri Təşkilatında fəal iştirak edir və aparıcı dövlətdir. Azərbaycan MDB təşkilatında da fəaliyyət göstərir. Azərbaycanın çoxsahəli- həm siyasi, həm də iqtisadi əlaqələri var. Azərbaycan Avropa dövlətlərinin üçdə birinin enerji təhlükəsizliyinə təminat verir və enerji təhlükəsizliyi ilə əlaqədar əməkdaşlığını genişləndirir".
Siyasi şərhçi əlavə edib ki, Azərbaycan, Afrika ilə iqtisadi və siyasi əməkdaşlığını genişləndirərək dünya arenasına çıxışını artırmağı hədəfləyir.
"Azərbaycan Orta Asiya respublikaları ilə də əməkdaşlığını genişləndirir. Təbii ki, Afrika bölgəsi dünyanın ən böyük bölgələrindəndir. Ölkəmiz Azərbaycanın dünyaya çıxışı, Azərbaycanın dünyada tanınması üçün müxtəlif sahələrdə fəaliyyət göstərir, xüsusilə də siyasi və iqtisadi əməkdaşlıqda maraqlıdır. Afrika ilə Azərbaycan əməkdaşlığı da maraq doğurur. Çünki Azərbaycan bir çox proyektlərin həyata keçirilməsinin təşəbbüskarı olub, xüsusilə də "Yaşıl enerji" layihələrinin müəllifi kimi çıxış edir və bu sahədə öz brendləri ilə, ASAN xidmət brendi ilə əlaqədar bir çox dövlətlərə öz təklifini də verib. Hesab edirəm ki, Azərbaycanın Afrika Respublikaları ilə əməkdaşlığı inkişaf etməlidir, çünki Azərbaycanın dünyaya çıxışı, tanınması vacib məsələlərdəndir. Coğrafi xəritədə balaca olsa da, Prezident İlham Əliyevin siyasəti daha qlobaldır və dünya arenasına çıxmaq üçün Afrika bölgəsi ilə də əməkdaşlığımız vacib məsələdir. Hesab edirəm ki, Afrika bölgəsində də iqtisadi və siyasi sahədə əməkdaşlığımızı genişləndirməyimiz bizim ümumi işimizin xeyrinə ola bilər. Çünki Birləşmiş Millətlər Təşkilatında müzakirələr həyata keçirilərsə, Azərbaycan əleyhinə müzakirələr çıxarsa, biz bu bölgəndə də özümüzə tərəfdaş tapmalıyıq ki, bizə beynəlxalq arenada dəstək verilsin. Azərbaycanın bu bölgəyə çıxışı və bu bölgədə fəaliyyətinin genişləndirilməsi ümumi dövlətimizin və xalqımızın mənafeyinə uyğun olar".
Səidə Ramazanova