Ukraynanın taleyi: Qərbin vədlərinə aldanmanın nəticələri – ÖZƏL
27 Fevral 2025 16:58 SiyasətUkraynanın hazırkı vəziyyəti beynəlxalq siyasətdə ciddi müzakirə mövzusuna çevrilib. Son dövrlərdə baş verən hadisələr, o cümlədən 2022-ci ildən başlayaraq Rusiya ilə Ukrayna arasında başlanan müharibə, Ukraynanın ərazi bütövlüyü və siyasi sabitliyi üçün ciddi təhdidlər yaradıb. Bu vəziyyət, müstəqil Ukraynanın gələcək taleyini sual altına qoyaraq, ölkənin faktiki olaraq bölünmə prosesinə doğru getdiyi fikrini gücləndirir.
Ukraynanın ərazilərinin gələcək taleyi, münaqişənin davam etməsi, beynəlxalq müstəqil təşkilatların və digər dövlətlərin müdaxiləsi, həmçinin daxili siyasətdəki dəyişikliklərdən asılı olacaq. Eyni zamanda, Qərb dövlətləri ilə əlaqələrin dərinləşməsi və müstəqil siyasi strategiyanın formalaşdırılması da əhəmiyyətli rol oynayacaq.
Mövzu ilə bağlı siyasi şərhçi Aytən Qurbanova Olaylar.az-a bildirib ki, Ukraynanın taleyi artıq həll edilib, işğal altındakı bölgələrin legitimləşdirilməsi məqsədilə Rusiya ilə Qərb arasında mübarizə gedir:
"Ukraynanın taleyi faktiki olaraq həll edilib. Rusiyanın işğalı altında olan bölgələr, xüsusilə də Krım və Şərqi Ukraynanın azad edilməsi indiki məqamda müzakirə mövzusu belə deyil. Belə olan halda Ukraynanın qeyri-rəsmi şəkildə bölünmə prosesinin başladığını ifadə edə bilərik. Rusiya işğal etdiyi əraziləri legitimləşdirməyi hədəflədiyi kimi ABŞ və Avropa da üç il ərzində Ukraynaya ayrılmış yardımın geri qaytarılmasını zəmanət altına almağa çalışırlar. Bu da rəsmi Kiyevin nəzarəti altında olan bölgələrin kollektiv Qərbin nəzarətinə keçməsinə zəmin yaratmağı hədəfləyir. Deməli Ukraynanın ərazi bütövlüyü ilə bağlı "mübarizə" artıq Ukraynanın "əlverişli" şərtlərlə bölüşdürülməsi ilə əvəzlənib. Nəticə etibarilə Qərb ilə Rusiya arasında mübarizə meydanına çevrilmiş Ukraynanın acınacaqlı taleyi qlobal gücləri heç vaxt maraqlandırmayıb. Təbii ki, bu məsələdə Zelenski hökumətinin də ciddi səhvlər etdiyi qeyd edilməlidir".
Siyasi şərhçi qeyd edib ki, Ukraynanın ərazi bütövlüyü ilə bağlı mübarizəsinin uğursuzluğu, Qərbin "şirin vədlərinə" aldanaraq imperialist maraqları gözardı etməsi və təkbaşına mübarizəyə başlamaq qərarını verməsi ilə əlaqədardır.
"İlk olaraq onu vurğulamaq lazımdır ki, Ukrayna ərazi bütövlüyü ilə bağlı mübarizəyə Qərbə arxalanaraq deyil, öz gücünə əmin olduğu zaman başlasa idi hadisələr bu istiqamətdə cərəyan etməzdi. Tarixi təcrübə göstərir ki, beynəlxalq sistemdə hökm sürən anarxiya ikili standartları və ədalətsizliyi təşviq edir. Beləliklə də, imperialist maraqlar kiçik dövlətlərin taleyində həlledici məqama çevrilə bilir. Ona görə də, rəsmi Kiyevin əsas səhvi imperialist maraqları gözardı edərək Qərbin "şirin vədlərinə" aldanması və işğalçı Rusiya qarşısında təkbaşına mübarizəyə başlamaq qərarının verilməsində zamanı qabaqlaması oldu".
Səidə Ramazanova