Gənclərin milli şüurunun tərbiyəsi vətənpərvərlik hissini formalaşdırır
28 Fevral 2025 10:14 Siyasətİstiqamət: Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi
Azərbaycanda gənclər siyasəti dövlətin prioritet məsələlərindən hesab olunur. Dövlətin gənclər siyasətinin əsas məqsədi onların fiziki, əqli və mənəvi inkişafına şərait yaratmaq, imkan və bacarıqlarının reallaşdırılmasına kömək etməkdir. Elə buna görə də qarşısına gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalıqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması kimi məqsəd qoyub. Cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında gənclərin fəal iştirakının təmin edilməsi, onların yaradıcılıq potensialının ümummilli problemlərin həllinə səfərbər olunması da dövlətin prioritet məsələləri sırasına daxildir. Etiraf edilməlidir ki, sadalanan amillər gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi baxımından mühüm faktordur. Qeyd edək ki, hazırda gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi müasir dünyanın vacib elementlərindən hesab olunur. Hazırda dünyada baş verən qloballaşma və inteqrasiya prosesləri isə milli kimlik məsələsini gündəmə gətirir. Kiçik millətlərin bu dalğada əriyib sıradan çıxmaması üçün milli mənlik şüurunun inkişafını labüd edir. Hər bir xalqın milli kimliyi dedikdə ilk növbədə onun təmsil etdiyi ölkənin vətəndaşlarının özünüindenfikasiyası başa düşülür. Azərbaycanda bu funksiyanı Azərbaycançılıq ideyası tamamlayır.
Maraqlıdır, bəs milli mənlik ideologiyasının formalaşması hansı prinsiplərə əsaslanır? Dövlət gənclərin milli mənəvi şüurunun formalaşmasında hansı vəzifələri üzərinə götürür? Qeyd edək ki, gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı onların milli mənlik şüurunun formalaşmasında müstəsna rol oynayır. Elə bu məqsədlə də aidiyyatı dövlət orqanları gənclərin vətənpərvərlik ruhunun tərbiyə edilməsi məqsədi ilə hərbi-tətbiqi idman növlərinin və hərbi-idman oyunlarının keçirilməsi, gənclərin mədəni-kütləvi tədbirlərə cəlb edilməsi sahəsində müvafiq tədbirlər həyata keçirirlər. Dövlət gənclərin dünyagörüşünün formalaşmasına, mənəvi-əxlaqi tərbiyəsinə yönəlmiş televiziya və radio verilişlərinin, teatr tamaşalarının və filmlərin hazırlanmasına, ədəbiyyatına və mətbuat orqanlarının nəşrinə kömək göstərir. Müvafiq icra hakimiyyəti orqanları gənclərin mənəvi-əxlaqi tərbiyəsi, onlar arasında cinayətkarlığın, narkomaniyanın və digər mənfi meyillərin azaldılması və aradan qaldırılması üçün tədbirlər həyata keçirirlər. Nəticə etibarı ilə qeyd edə bilərik ki, Azərbaycan dövləti öz vətəndaşlarının milli kimlik şüurunun inkişaf etdirilməsi məqsədilə xüsusi milli siyasət həyata keçirir. Onun da mahiyyəti azərbaycanlıların milli xüsusiyyətlərinin saxlanması, Azərbaycan dilinin saflığının, təmizliyinin, Azərbaycan milli dəyərlərinin, adət və ənənələrinin, milli dövlətçiliyinin qorunması, xaricdə yaşayan azərbaycanlılarla siyasi, mədəni və iqtisadi əlaqələrin genişləndirilməsini əhatə edən siyasətdən ibarətdir. Bununla parallel olaraq mənəvi dəyərlərin qorunması siyasəti yürüdülür ki, onun da kökündə unudulmuş və məhv edilmək təhlükəsi qarşısında qalmış mənəvi dəyərlərin bərpası, İslam normalarının yerli ənənələr və milli xüsusiyyətlər nəzərə alınmaqla tətbiqi, dini normalardan milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində yararlanmaq durur. Məhz bu siyasətin nəticəsidir ki, azərbaycanlılar dünya birliyinə inteqrasiya prosesində milli kimliyini qoruyub saxlaya bilib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev qeyd edib ki: "Milli-mənəvi dəyərlər dövlətimizin əsasını təşkil edir və mən dəfələrlə demişəm ki, müasir müstəqil Azərbaycan dövləti milli dəyərlər üzərində qurulub. Əminəm ki, biz bu dəyərləri qoruyub saxladıqca, dövlətimiz daha da qüdrətli olacaq, xalqımız da əbədi azad, müstəqil xalq kimi yaşayacaq".
Azərbaycan dövləti gənclərin vətənpərvərlik ruhunun yüksəlməsi istiqamətində də mühüm tədbirlər həyata keçirir. Başqa sözlə, gənc nəslin vətənpərvərlik tərbiyəsi dövlətin gənclər siyasətinin əsas istiqamətlərindən biridir. Etiraf edilməlidir ki, vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Birmənalı şəkildə qeyd edilməlidir ki, Azərbaycan gəncləri sözün həqiqi mənasında vətənpərvərdirlər. Gənclər bunu 44 günlük Vətən müharibəsində sübut etdilər. Vətənpərvər ruhunda böyümüş gənclərimiz canları, qanları hesabına torpaqlarımızı düşmən caynağından xilas etdilər. Azərbaycanın haqq savaşında misilsiz qəhrəmanlıq nümunələri göstərən gənclərimiz Vətənimizin ərazi bütövlüyünün bərpasına böyük töhfələrini verdilər. Azərbaycan əsgərlərinin son damla qanınadək döyüşərək şəhidliyə yüksəlmələri bir daha sübut etdi ki, gənclərimizin vətənsevərlik duyğuları yüksəkdir. Xalqımıza o böyük zəfər sevincini yaşadan da vətənpərvər Azərbaycan gəncləri oldu.Təkcə bu fakt deməyə əsas verir ki, Azərbaycan Respublikası ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda gənclərin vətənpərvərlik tərbiyəsinin düzgün təşkili bu məsələdə mühüm rol oynayıb. Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev gənclərin milli ruhda, xalqımızın zəngin mənəvi dəyərləri əsasında formalaşdırılmasının zəruriliyini bir daha diqqətə çatdırıb. Bu xüsusda fikirlərini ifadə edən dövlətimizin başçısı "Mən görürəm ki, yeni, müasir nəsil yetişir. Müstəqillik dövründə doğulmuş və ya formalaşmış nəsil yetişir. Müasir, vətənpərvər və mənəvi cəhətdən sağlam yeni nəsil ölkəmizin gələcəyini müəyyən edəcək. Ölkəmizin müstəqilliyi, firavanlığı onlardan asılı olacaq. Onlar milli maraqları bizim qədər, heç nəyə baxmadan müdafiə etməlidir. Heç bir təzyiqə, hədə-qorxuya, əsassız ittihamlara baxmayaraq, Vətən məhəbbəti və milli dəyərlər onlar üçün hər şeydən üstün olmalıdır. Amma buna nail olmaq üçün onlar milli ruhda tərbiyə almalıdırlar. Əgər qloballaşma adı ilə bizə yad olan və faktiki olaraq manqurtlaşma, eyniləşmə siyasəti idxal ediləcəksə, onda bizim gənclərimiz gələcəkdə ölkəmizin maraqlarını qoruya bilməyəcəklər. Bu, təkcə Təhsil Nazirliyinin vəzifəsi deyil, bu prinsiplər, ilk növbədə, ailələrdə, məktəbdə, uşaq bağçasında, ali məktəbdə, orduda və cəmiyyətdə üstünlük təşkil etməlidir", - deyə vurğulayıb. Prezident İlham Əliyev həmçinin Şuşaya səfəri çərçivəsində Cıdır düzündə olarkən gənclərin qələbəmizin təmin olunmasında xüsusi rol oynadıqlarına diqqət çəkib: "On yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm. Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi". Göründüyü kimi hər bir vətəndaşın milli mənlik şüurunun formalaşdırılması onun cəmiyyətdə, ictimai münasibətlərin bütün sistemində tutduğu və oynadığı rolu müəyyənləşdirir, onun mənəvi keyfiyyətlərinin qabarıq ifadəsinə çevirir. Maddi və mənəvi zəmində tərbiyə olunan gənc özünün, xalqının varlığını dərk edir, torpaq, Vətən, xalq, millət kimi böyük arzular və müqəddəs amallar dünyasına daxil olur. Bu çox mürəkkəb prosesdə onun mənəviyyatı, əqidəsi, dünyagörüşü formalaşır. Hər bir gənc aydın şəkildə dərk edir ki, əzəmətli ağaclar öz kökləri üzərində dayandığı kimi fərdlər də öz xalqı, öz milləti içərisində təşəkkül tapır, öz xalqına, öz millətinə xidmət edir. Milli şüur formalaşdıqca insanlarda milli ləyaqət tərbiyə olunur. Nəhayətdə belə bir həqiqəti dərk edir ki, millət və xalqın, Vətənin, doğma yurdun taleyi onun taleyinə qovuşur, şəxsi ideal və arzuların tərkib hissəsinə çevrilir. Belə bir şəraitdə Azərbaycanda böyüməkdə olan gənc nəslin milli şüurunun və milli ləyaqətinin tərbiyə edilməsində, mədəniyyətimizin, tariximizin, ədəbiyyatımızın onlara düzgün öyrədilməsində aydınların üzırinə böyük vəzifələr düşür.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.