"Ermənistanın silahlanmaya nəzarət cəhdi yolverilməzdir" – Zeynal Əmrəliyev – ÖZƏL
27 Fevral 2025 15:09 SiyasətBaş nazir Nikol Paşinyan Azərbaycanla Ermənistan arasında sülh sazişinin iki bəndinin hələ də razılaşdırılmadığını bildirib. Paşinyanın sözlərinə görə, razılaşdırılmayan bəndlərdən biri tərəflərin sərhəddə avropalı müşahidəçilərin yerləşdirilməsi məsələsi ilə bağlıdır. Digəri isə "Bakının İrəvanın kommunikasiyaların açılması təklifinə də müsbət cavab verməməsi"dir.
Paşinyan, rəsmi Bakının silahların qarşılıqlı nəzarəti və yoxlanılması mexanizminin yaradılması ilə bağlı İrəvanın təklifini cavabsız qoyduğunu da iddia edib.
Mövzu ilə bağlı siyasi şərhçi Zeynal Əmrəliyev Olaylar.az-a bildirib ki, Ermənistanın Azərbaycanın silahlanmasına nəzarət etməsi cəhdi Beynəlxalq Hüquq və müharibə praktikasına ziddir, çünki müharibəni Ermənistan başladıb və məğlub olub:
"Dünya tarixində belə bir şey olmayıb ki, məğlub tərəf qalib tərəfə hansısa diktə eləsin. Paşinyanın bəyanatı tamamilə gülüş doğuran bir bəyanatdır. Əlbəttə ki, həmin məsələləri Azərbaycan diktə etməlidir. Yəni Ermənistan heç bir halda Azərbaycanın silahlanması məsələsinə nəzarət edə bilməz. Biz Ermənistan tərəfinə nəzarət edə bilərik. Ancaq Ermənistan tərəfi bunu həyata keçirə bilməz. Birinci növbədə Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyi üçün müharibə başlayır və Ermənistan tərəfi bunu qəbul edir. Yəni əraziləri işğal etdiyini və həmin 30 il ərzində əlində saxladığı ərazilərin məhz Azərbaycan torpağı olduğunu özü etiraf edib. Müharibəni başladan tərəf də Ermənistandır . Müharibədə günahkar tərəf də Ermənistandır və müharibənin yekunu olaraq da məğlub tərəfdir. Belə olan halda istər Beynəlxalq Hüquq nöqteyi nəzərindən, istərsə də dünyada uzun illər qədimdən mövcud olmuş və hal-hazırda da öz gücünü saxlayan müharibə praktikasında Azərbaycanın silahlanmasına hansısa bir formada nəzarət edə bilməz, ümumilikdə Azərbaycana qarşı hansısa bir formada diktə siyasəti həyata keçirə bilməz".
Siyasi şərhçi əlavə edib ki, Ermənistan və Avropa İttifaqının müşahidə missiyası, Azərbaycan sərhədində kəşfiyyat fəaliyyəti həyata keçirərək yolverilməz bir vəziyyət yaradır və bu, sülh müqaviləsinin imzalanmasına mane ola bilər.
"Bəli, Azərbaycan və Ermənistan arasında razılaşmamış bəndlər var. İrəvan əsas bəndləri qoyaraq əlavə bəndlərin üzərindən yapışır və bildirir ki, Avropa İttifaqının müşahidə missiyasının guya ki, regionda fəaliyyət göstərməsi ilə bağlı məsələdə Bakı razı deyil. Əlbəttə, razı deyil. Çünki Azərbaycan müşahidə missiyasının sərhəddəki fəaliyyətinə Praqa görüşündə razılıq verib. 2022-ci ildə səhv etmirəmsə, bu çox qısa bir müddətdə olmalı idi və sayı da az olmalı idi. Ermənistan və Avropa İttifaqı bu sayı artıraraq getdi və müddəti də davamlı şəkildə artırırlar və nəticə etibarilə də bu gün artıq həmin müşahidə missiyası sülh missiyası şəklində yox, Azərbaycana qarşı kəşfiyyat işini həyata keçirən diversant qrupu şəklində binokllarla Azərbaycan tərəfi izləyib Ermənistana məlumat ötürürlər. Bu əlbəttə ki, yolverilməzdir və heç bir halda Azərbaycan bununla razılaşmayacaq və həmin müşahidə missiyası sülh müqaviləsi imzalanmamış regionu tərk etməlidir. Heç bir kənar qüvvə Azərbaycan və Ermənistan münasibətlərinə müdaxilə edə bilməz. Azərbaycana qarşı Ermənistanın xeyrinə istifadə oluna bilməzdi. Özü kimlə nə əlaqələr qurur, özü bilər, ancaq Azərbaycanın əleyhinə olmamalıdır. Əgər olacaqsa, sülh müqaviləsi də baş tutmayacaq".