Zəngəzur dəhlizi: Qlobal güclərin maraqları və geosiyasi reallıqlar– ÖZƏL

"Zəngəzur dəhlizinin açılması məsələsi Qarabağ müharibəsindən sonra gündəmə gəlsə də, bu prosesə mane olan maraqlı qruplar var idi və bu gün də həmin qruplar maneələr yaratmağa davam edirlər. Bu qrupların başında Fransa və bəzi Qərb dövlətləri, eləcə də İran dayanır. Bunun da səbəbləri var.

Zəngəzur dəhlizinin açılması  Azərbaycan və Türkiyənin yeni formalaşdırdığı regional status-kvonu daha da gücləndirəcək və onların həm Cənubi Qafqaz, həm də ümumi regional siyasətə təsirini artıracaq. Bu proses yalnız Azərbaycan və Türkiyənin maraqları ilə məhdudlaşmır, eyni zamanda, Türkiyənin Azərbaycandan keçməklə Mərkəzi Asiyaya təsirini genişləndirməsinə imkan yaradacaq. Bu isə İranın narahatlığını artıran əsas məqamlardan biridir. Çünki İrandakı fars rejimi həmişə türk milli kimliyini öz maraqlarına təhdid kimi görüb və bu səbəbdən antitürk siyasət yürütməyə davam edir".

Bu fikirləri siyasi şərhçi Həşim Səhrablı Olaylar.az-a açıqlamasında bildirib:

"Fransanın narahatlıqları da İranın narahatlıqları ilə müəyyən dərəcədə üst-üstə düşür. Fransa anlayır ki, onun Cənubi Qafqaz və Yaxın Şərqdəki imperialist maraqlarına qarşı real təhlükə məhz türk milli kimliyidir. Fransa  tarixi boyunca türklərin Mərkəzi Asiyadan Yaxın Şərqə qədər birləşməsinə qarşı çıxıb və bu gün də bu prosesə mane olmağa çalışır.

Bununla yanaşı, Çin və Böyük Britaniya kimi güclər də var ki, onlar Zəngəzur dəhlizinin açılmasına səmimi şəkildə dəstək vermək istəyirlər. Bunun səbəbi isə ABŞ-nin, xüsusən də Donald Trampın hakimiyyətə gəlməsi halında izləyə biləcəyi siyasətdir. Trampın siyasəti həm Avropanın, həm də Çinin maraqlarını təhdid edə bilər. Buna görə də, Çin və Avropa dövlətləri  ABŞ və Rusiyanın mümkün yaxınlaşmasına qarşı müdafiə mexanizmi formalaşdırmağa çalışırlar. Bu kontekstdə əsas məsələ tranzit yollarına və onların nəzarətinə yönəlir. Çin və Avropa arasında iqtisadi əməkdaşlığı gücləndirmək üçün Zəngəzur dəhlizinin açılması strateji əhəmiyyət kəsb edir və bu, "Bir kəmər, bir yol" layihəsinin bir halqasına çevrilə bilər.

Hazırda proseslər elə bir istiqamətə gedir ki, Zəngəzur dəhlizinin açılması tarixi reallığa çevrilmək üzrədir. Dəyişən qlobal geosiyasi vəziyyət fonunda bu dəhlizin açılması artıq qaçılmaz görünür. Ermənistan da zamanla anlayacaq ki, Zəngəzur dəhlizinin açılması onlar üçün də təhlükəsizlik qarantiyası rolunu oynaya bilər. Ermənistan onsuz da İrandan və Fransadan siyasi dəstək alır. Lakin bu dəstək regiondakı yeni reallıqları dəyişmək gücündə deyil. Əksinə, Ermənistanın təhlükəsizlik qarantiyası almasının əsas yollarından biri Zəngəzur dəhlizinin açılmasına razılıq verməsidir.

Görünən odur ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi ilə bağlı konkret addımlar atılacaq və bu tranzit marşrutunun reallığa çevrildiyini görəcəyik".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31