Ermənistanın Aİ-dən Azərbaycana qarşı sanksiya tələbi: Mümkün təsirlər və reallıqlar – ÖZƏL

Müxalifətdəki Hayastan fraksiyasının üzvü Levon Koçaryan, Azərbaycanın Beynəlxalq hüququ pozduğunu iddia edərək Avropa İttifaqını (Aİ) ona qarşı hədəfli sanksiyalar tətbiq etməyə çağırıb.
O, bu açıqlamanı İrəvanda keçirilən 4-cü Aİ-Ermənistan Parlament Tərəfdaşlıq Komitəsinin toplantısında səsləndirib.
Koçaryan Ermənistan-Azərbaycan normallaşma prosesi və Dağlıq Qarabağdakı vəziyyətə toxunaraq ermənilərin zorla köçürüldüyünü iddia edib. O, Aİ-dən köçkünlərin beynəlxalq müdafiə altında geri dönməsi üçün səylər göstərməyi, həmçinin Bakıda saxlanılan erməni məhbuslarının azad edilməsinə dəstək verməyi tələb edib.
O, Avropa Parlamentinin Azərbaycanın Dağlıq Qarabağda təcavüzü və etnik təmizləmə ilə bağlı bəyanatlarını yüksək qiymətləndirərək, erməni mədəni irsinin qorunmasının və köçkünlərin geri dönüş hüququnun beynəlxalq birliyin prioriteti olması gərəkdiyini vurğulayıb.

Məsələni Olaylar.az-a şərh edən Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib ki, Levon Koçaryanın bu açıqlaması tipik erməni həyasızlığının təcəssümüdür: 

"Birincisi ermənilər zorla köçürülməyib,  Azərbaycan onlara bölgəni tərk etməməsi və yaşayışları üçün bütün zəmanətləri verib. Amma ermənilər Ermənistan hökuməti və artıq mövcud olmayan separatçı rejimin təhriki ilə bölgəni tərk ediblər və bununla bağlı Azərbaycanın əlində kifayət qədər sübutlar var".

Bakıda saxlanılan erməni məhbuslara gəlincə, Ə.Zülfüqaroğlu diqqətə çatdırıb ki, onlar konkret cinayətlərdə ittiham olunduqlarına görə, məsələyə hüquq müstəvisində qiymət veriləcək. Ona görə də məsələyə siyasi don geyindirməyin heç bir perspektivi yoxdur. Hər hansı siyasi təzyiqin nəticəsi olmayacaq.

Ə.Zülfüqaroğlu həmçinin əlavə edib ki, Ermənistan rəhbərliyi Avropa İttifaqının siyasi mərkəzi sayılan Fransanın diktəsi ilə hərəkət etdiyinə görə, bu ölkənin himayədarlığı ilə xarici siyasi kursunu müəyyən edib.

"Bu gün Fransa hökumətinin özünə himayədar lazımdır. Parisin dirijor çubuğu ilə hərəkət edən və Avropa İttifaqı strukturları arasında daha çox korrupsyalaşmış Avropa Parlamentinin hər hansı addımının heç bir təsir mexanizmi olmayacaq. Ona görə də, erməni siyasətçilərinin bundan sonrakı dönəmdə Fransaya arxayın olması və Fransanın təhriki ilə ittifaq ölkələrinin Azərbaycana qarşı siyasət yürüdəcəyinə ümid etməsinin əsası yoxdur. İlk növbədə geosiyasi vəziyyət  Avropa İttifaqının özünün bölgə ilə bağlı siyasətinə yenidən baxmasına zəmin yaradır. Digər tərəfdən Azərbaycanın Avropa İttifaqında İtaliya, Macarıstan və.s kimi tərəfdaş olduğu güclü ölkələr var və onlar Avropa İttifaqını uçuruma sürükləyən Fransanın deyil, öz dövlətlərinin maraqlarını prioritet sayırlar. Bu baxımdan hesab edirəm ki, Azərbaycana qarşı sanksiyaların tətbiq olunması ehtimalı yoxdur".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31