Sülh və təzminat dilemması– ÖZƏL
27 Fevral 2025 14:29 Siyasət"Əlbəttə, Trampın Ukraynanın qarşısında hər cür iddialarla çıxış etmək imkanı var. Bu, onun böyük bir dövlət olması ilə bağlıdır. Eyni zamanda, Trampın siyasi baxışları və gedişlərin proqnozlaşdırılması çətin olan siyasətçilər sırasındadır. Bu iki amil onun Ukraynadan iddialarda bulunmasını mümkün edir".

Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:
"Lakin Ukraynanın bu iddiaları necə yerinə yetirəcəyi isə ayrı bir müzakirə mövzusudur. Trampın Ukraynadan ərazi iddialarında çıxış etməyəcəyini də qəti şəkildə demək mümkün deyil. Bunun səbəbi, Trampın bir sıra digər ölkələrdən, o cümlədən Fələstindən Qəzzanı, Danimarkadan Qrenlandiyanı, Meksika və Kanadadan isə başqa əraziləri ələ keçirmək iddialarını ortaya qoymasıdır. Bu da onu inkar etməyə mane olur ki, o, Ukraynanın qarşısında da ərazi iddiaları irəli sürməyə bilər. Tramp hər cür iddialar ortaya qoya bilər, amma artıq bəllidir ki, o, Ukraynadan müharibəyə görə maddi ödənişlər tələb edir. Düzdür, o, buna Ukraynaya verilmiş borcun qaytarılması kimi baxır. Ukrayna rəhbərliyi isə burada borc olmadığını, yalnız qrant yardımından bəhs edildiyini iddia edir. Lakin artıq Ukraynanın müəyyən qiymətli torpaq elementlərinin Amerikaya verilməsi və şərik istismar olunması ilə bağlı razılaşma elementləri var. Ukraynanın təbii qiymətli torpaq elementlərinin Amerika ilə birgə istismarını ilk dəfə 2019-cu ildə Zelenski gündəmə gətirib. Buna görə də gələcəkdə Trampın Ukraynadan nə almağa çalışacağını dəqiq demək çətindir. Ancaq Trampın Ukraynadan nələrsə almağa çalışacağı açıqdır.
Azərbaycanla bağlı isə, əlbəttə, Azərbaycanın da hər cür hüququ var ki, Ermənistanın 30 il ərzində vurduğu ziyanların kompensasiya olunmasını tələb etsin. Bu, Ermənistana qarşı beynəlxalq məhkəmələrdə qaldırılan maddi təzminat tələbi şəklində ola bilər. Əgər Ermənistan bunun ödənilməsi imkanına malik deyilsə, müəyyən ərazi mübadiləsi və ya ərazi tələbi formasında da irəli sürülə bilər. Lakin bu məsələdə Amerikanın Azərbaycanın imkanlarını eyniləşdirmək düz olmazdı. Amerika dünyanın supergücü olaraq, böyük təzyiq və güc imkanlarına malikdir və Ukrayna müəyyən mənada Amerikadan asılıdır. Bu mənada, onun səsləndirə biləcəyi iddiaların həyata keçmə şansı böyükdür.
Lakin Azərbaycanın iddialarının şanslarına real baxmaq lazımdır. Ermənistan Azərbaycandan asılı deyil. Azərbaycan isə dünyada superdövlət statusuna malik deyil ki, istənilən bir addımı güc yolu ilə həll edə bilsin. Buna görə də, biz hələlik yalnız Azərbaycanın bu məsələdə beynəlxalq hüquq əsasında hansı hüquqlara malik olduğunu və bu hüquqlardan necə istifadə etdiyini müzakirə etməliyik. Ermənistan Azərbaycana vurduğu ziyanları kompensasiya etməlidir. Bu, maddi formada da, başqa formalarda da mümkündür. Hazırda sülh sazişi ilə bağlı müəyyən irəliləyiş var. Bu, beynəlxalq məhkəmələrdə iki ölkənin bir-birinə qarşı iddialarından qarşılıqlı şəkildə imtinasını əhatə edir. Burada Azərbaycanın Ermənistana qarşı kompensasiya tələblərindən imtinası da gündəmdədir. Əgər qarşılıqlı razılaşma olarsa, yəni beynəlxalq məhkəmələrdə bir-birinə qarşı hüquqi iddialardan imtina edilərsə, ərazi tələblərinin gündəmə gətirilməsi perspektivi itirilə bilər. Ona görə də, bu istiqamətdə hadisələrin gələcək gedişatını gözləmək lazımdır".
Zeynəb Rzayeva