Azərbaycan işğal zamanı vurulan ziyanın ödənilməsini tələb edir – Tarixi ədalət bərpa olunacaqmı? – ÖZƏL
27 Fevral 2025 14:22 SiyasətABŞ Prezidenti Donald Trampın Ukraynaya yardım müqabilində Kiyevdən mineral ehtiyatlarını istəməsi dünya siyasi sistemində daşları tərpədib. Hətta bəzi ekspertlər ABŞ-nin Ukraynadan yardım qarşılığında ərazi tələb etməsinin mümkünlüyü haqda fikir yürüdürlər.
Analoji versiya Azərbaycan-Ermənistan münasibətlərinə də şamil olunur. Belə ki, rəsmi İrəvanın işğal müddətində vurduğu zərərə görə maddi təzminat ödəməli olduğu bildirilir. Təzminat ödəyə bilməyəcəyi təqdirdə bunu ərazi ilə əvəz etməsinə diqqət çəkilir.
Azərbaycan işğal müddətində vurulan zərərə görə Ermənistandan hansı mühüm əraziləri tələb edə bilər?
Mövzu ilə bağlı siyasi şərhçi Ramiyə Məmmədova Olaylar.az-a bildirib ki, Tramp Ukraynaya edilən yardımların ödənilməsini tələb edir və bunun qarşılığında nadir metallara nəzarət etmək istəyir:
"Son görüşmələrdə Trampın verdiyi açıqlamalarda Ukraynanın uzun müddət aldığı yardımın həm Avropa, həm də daha çox Amerika tərəfdən 350 milyard məbləğ olduğu vurğulanıb. Ukrayna bunu düşünməli idi ki, Ukraynaya heç kim bu yardımı elə belə, yəni hədiyyə olaraq verməyəcək. Onların hər biri kredit olaraq Ukrayna xalqının və dövlətinin üzərinə yazılacaq və məbləğ hər bir qəpiyinə qədər ödənilməli idi. Bu gün də Tramp bir biznesmen olaraq hesablayıb və bu yardımı faizi ilə birlikdə 500 milyarda çıxarıb və 500 milyardın Ukrayna tərəfindən ödənilməsini istəyir. Ukraynanın bu qədər pulu olmadığına görə, Ukraynanın zəngin yeraltı qaynaqları, nadir metalları olduğuna görə onu bu gün çox vacib sənayelərdə işlədirlər. O da bunun müqabilində 500 milyardlıq nadir metallardan olan ərazidə iş aparılmasını və oradakı qaynaqların birbaşa Amerikaya verilməsini tələb edib.
Demək lazımdır ki, o qaynaqlar əslində 500 milyarddan da çoxdur və bunu Tramp da sözarası öz dili ilə dedi ki, 500 milyarddan çox nəzərdə tutmuşuq. Yəni sömürgənlik məsələsinə gəlincə, təbii ki, Amerika Ukrayna torpaqlarına bir sömürgə kimi yapışıb oradan, bütün qaynaqların hər birindən istifadə edə bilər. Zelenski ilə bu məsələ bu gün masa üstündədir və bunun müzakirəsi gedir. Hələ ki, Zelenski tam olaraq razılaşmayıb. Ancaq mənim fikrimcə, məcbur olub razılaşacaq, çünki başqa cür imkan yoxdur. Yəni Amerikanın bundan sonra yardımı mümkün olmayacaq. Qaldı Avropanın bugünkü gündə Ukraynaya yardımına, təbii ki, Avropa bugünkü gündə Ukraynaya yardım məsələsində birmənalı şəkildə hələ ki, hamısı olmasa da bir çoxu eyni fikirdədirlər. Ən çox da İngiltərə bu fikri ortaya salıb. Ancaq Avropanın Amerikasız bunu etməsi tam olaraq mümkün olmayacaq. Çünki Avropa tamamilə Amerikadan asılıdır. Torpaqların geri qaytarılması və ya Amerikanın Ukraynadan hansısa bir torpağı alması doğru fikir deyil. Çünki Amerika orada hansı torpaqlara yiyələnə biləcək?! Zatən torpağın 20 faizini Rusiya artıq işğal edib, bir hissəsi də lazım olan ərazilər deyil. Metalların, qaynaqların olduğu yerlərə zatən Amerika girəcək və orada hansısa bir araşdırma aparıb, ordan zatən o metalları çıxardacaq. O ərazi onsuz da Amerikaya bağlanacaq və ona görə də sırf bir ərazinin Amerika tərəfə keçirilməsi düzgün yanaşma olmaz. Çünki dünya siyasətində bu bir işğal kimi görünə bilər, ancaq zatən o metalların və yaxud da ki, belə deyək də bir bazanın yaranmasında lazım olan torpaqlar Amerikanın nəzarətində olacaq".
Ramiyə Məmmədova əlavə edib ki, Azərbaycan, Ermənistanın işğal zamanı vurduğu ziyanın ödənilməsini və tarixi ədalətin bərpasına çalışır.
"Azərbaycana gəldikdə, bəli, Ermənistanın Azərbaycan torpağında olması, onun 30 il ərzində nadir qızıl metallarını, daşlarını çıxarması və dünyaya satması, Fransa şirkətlərinin, digər Avropa şirkətlərinin orada olması təbii ki, burada Ermənistanın Azərbaycan qarşısında öhdəliyi var. Çünki onun torpağına, onun büdcəsinə vurduğu ziyanı Ermənistan ödəməlidir. Azərbaycan tərəfi bunun üzərində yüksək səviyyədə işləyir. Avropa Məhkəməsinə də müraciət edib. Ancaq Ermənistandan hansısa torpaqların geri alınması məsələsinə gəldikdə, onsuz da belə götürəndə Ermənistan torpaqları Azərbaycan torpağıdır, qədim Azərbaycan, İrəvan xanlığının torpaqlarıdır və bugünkü gündə də zatən biz öz torpaqlarımızın, yəni 20 faizini geri almışıq. Qarabağ zonasını geri almışıq. İndi Ermənistanın özündə olan, İrəvan xanlığına aid olan torpaqlarımızda, hansı ki, bizim qərb tərəfdən gələn soydaşlarımız, qaçqın düşən soydaşlarımız ora dönmək istəyirlər və orada yaşamaq istəyirlərsə, təbii ki, bu artıq o deməkdir ki, yəni o torpaqlar da Azərbaycan mərkəzi və Azərbaycan rəhbərliyi altında ola bilər. Bu da o deməkdir ki, yəni o, İrəvan torpaqlarından, təbii ki, Azərbaycan burada yenə dediyim kimi, dünya siyasətində işğalçı rolunda iştirak etmək istəməz və Ermənistana dəfələrlə deyilib ki, bizim Ermənistana heç bir torpaq iddiamız yoxdur. Biz sadəcə olaraq öz torpaqlarımızı istəyirik. Ancaq bizim istədiyimiz nədir? Bizim soydaşlarımızın öz ata-baba torpaqlarına geri dönməsi.
Əgər buna biz nail ola bilsək, yenə də bütün dünya görəcək ki, Ermənistan torpaqları zamanında İrəvan xanlığının ərazisi olub, yəni tarixi Azərbaycan torpaqlarıdır. Ona görə bugünkü gündə Azərbaycanın hansısa bir torpaq iddiası ilə çıxış etməsi bir az doğru ifadə deyil. Çünki burada biz işğalçı rolunda deyilik. Biz tərsinə burada, öz torpaqlarımızı geri qaytarmış bir ölkəyik və insanlarımızın öz evlərinin geri qayıtmasını və bizə vurulan ziyanın bu dövlət tərəfindən işğal zamanında veriləcəyi məbləğdir. Bizim bugünkü gündə hədəfimiz budur".
Səidə Ramazanova