İslamabadın Azərbaycana olan münasibəti sadiqliyinin bariz nümunəsidir- ÖZƏL

"Tarixi köklərə bağlı olan Pakistan-Azərbaycan münasibətlərinin son dövrünün siyasi xronikasına baxsaq görərik ki, Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri Pakistan İslam Respublikası olmuşdur". "Olaylar" xəbər verir ki, bunu YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev deyib: "12 dekabr 1991-ci ildə Pakistan Azərbaycanın müstəqilliyini rəsmən tanımış və bununla iki ölkə arasında dostluq münasibətlərinin əsası qoyulmuşdur. 9 iyun 1992-ci ildə Azərbaycan ilə Pakistan arasında diplomatik əlaqələr qurulmuş, 12 mart 1993-cü ildə Pakistan Bakıda öz səfirliyini açmışdır. Azərbaycan isə 24 avqust 1997-ci ildə İslamabadda səfirlik təsis edərək qarşılıqlı diplomatik münasibətləri daha da möhkəmləndirmişdir. Səfirliklərin fəaliyyətə başlaması ölkə arasında siyasi, iqtisadi, hərbi, mədəni və humanitar sahələrdə əməkdaşlığın inkişafına mühüm töhfə vermişdir. Qarşılıqlı hörmət və etimada söykənən münasibətlər 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin Kasablankada Pakistanın Baş naziri Bənazir Bhutto ilə görüşündən sonra yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 1995-ci ilin oktyabrında isə Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Bakıya rəsmi səfər etmişdir. Pakistan Azərbaycanın suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləmişdir. Xüsusilə Ermənistanın təcavüzkar siyasətinə qarşı sərgilədiyi mövqe rəsmi İslamabadın Azərbaycana olan sadiqliyinin bariz nümunəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31