Pakistan Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə müdafiə edir- ÖZƏL

"Prezident cənab İlham Əliyevin Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verməsi bu münasibətlərin daha da güclənməsinə səbəb olmuşdur. Dövlət başçısının 2005-ci və 2017-ci illərdə Pakistana səfərləri iki ölkə arasında yeni əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmişdir. 2015-ci ildə Pakistan Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri zamanı imzalanmış "Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə" isə münasibətləri daha da möhkəmləndirmişdir". "Olaylar" xəbər verir ki, bunu YAP  Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov deyib: "Ötən il Prezident İlham Əliyevin iyulun 11-12-də Pakistana dövlət səfəri çərçivəsində Baş nazir Məhəmməd Şahbaz Şərif və Prezident Asif Əli Zərdari ilə keçirilən görüşlər strateji tərəfdaşlığı yeni mərhələyə yüksəltmişdir. Səfər zamanı əməkdaşlıq sahələrini əhatə edən 15 sənədin imzalanması əlaqələrin hüquqi bazasını daha da genişləndirmişdir. COP29 sammiti çərçivəsində Bakıda keçirilən görüşdə də tərəflər əməkdaşlığın dərinləşdirilməsinə dair fikir mübadiləsi aparmış, Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığının əhəmiyyəti xüsusi vurğulanmışdır.

Azərbaycan və Pakistan arasındakı yaxın əlaqələrin əsasını ortaq tarix, mədəni və dini dəyərlər təşkil edir. Pakistan dövləti daim Azərbaycanın maraqlarını müdafiə etmiş və beynəlxalq təşkilatlar çərçivəsində rəsmi Bakının mövqeyini dəstəkləmişdir. Pakistan keçmiş Qarabağ münaqişəsi və 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə müdafiə etmiş, Ermənistanın işğalçı siyasətini kəskin tənqid edərək, onunla heç vaxt diplomatik və iqtisadi əlaqələr qurmadığını bəyan etmişdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31