Ukraynanın suverenliyi yalnız Türkiyənin çətiri altında qoruna bilər

Dörd ildir davam edən Rusiya-Ukrayna müharibəsi dünyanın güc mərkəzlərini düşünməyə vadar edib. Nəhayət iri güclər dünyanın yeni xəritəsini çızmaqdan ötrü Ukrayna və Suriya kartlarından yararlanmaq eşqinə düşüblər. Daha doğrusu, Ukrayna kimi "yağlı tikəni" öz maraqlarına uyğun bölüşdürmək niyyətini ortaya qoyublar. Hətta bu məqsədlə real addımlar da atılıb. Belə ki, Amerika Birləşmiş Ştatlarının yeni prezidenti Donald Tramp Vladimir Putinlə sövdələşməyə gedərək müharibənin dayandırılmasına çalışır. Məsələ orasındadır ki, Tramp sülh müqaviləsini Ukraynanın maraqları nəzərə alınmadan, Rusiya və ABŞ-ın istəklərinə uyğun reallaşdırmaq istəyindədir. Hətta buna nail olmaqdan ötrü Ukraynaya qarşı təzyiq alətlərini də işə salıb. Söhbət Ukraynaya heç bir təhlükəsizlik zəmanəi verilmədən müharibəni dayandırmaq və ölkənin təbii ehtiyatlarına sahib çıxmaq arzusundan gedir. İki super dövlət başçısı arasında doxsan dəqiqə davam edən telefon danışığından sonra Trampın Ukraynaya qarşı ağır şərtlər irəli sürməsi fikrimizi bir daha təsdiqləyir. Qeyd edək ki, hazırda Ukraynanın suveren dövlət kimi mövcudluğu sual altındadır. Rusiya işğal etdiyi ərazini geri qaytarmaq fikrində deyil, ABŞ bu ölkəyə etdiyi hərbi yardıma görə borcunu tələb edur, Avropa İttifaqı və quruma üzv olan ölkələr vədlərinə xilaf çıxaraq Ukraynanin bu təşkilata üzvlük məsələsindən vaz keçirlər. Məhz bu səbəbdən də istər ABŞ və Rusiya danışıqları, istərsə də Avropa koalisiyasının müzakirələri Ukraynasız aparılır. Daha dəqiq, suverenliyi təhlükə altında olan Ukraynanın fikri heç soruşulmur da. Bu halda Ukraynanın çıxış yolu -təhlükəsizliyinə zəmanəti Türkiyədən almaq qalır. 

Ukrayna prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfəri də məhz bu məqsədə hesablanmışdı. Siyasi ekspertlərin qənaətinə görə, Zelenski Türkiyədən əliboş qayıtmayıb, ölkəsinin təhlükəsizliyinə zəmanət ala bilib. Əslində Türkiyənin belə bir zəmanət verəcəyi Zelenskinin bu ölkəyə səfəri zamanı qarışlama mərasimində açıq-aşkar sezilirdi. Türkiyə prezidenti Rəcəb Payyib Ərdoğanın Zelenskinin başı üzərində çətir tutması təsadüfi deyildi. Ərdoğan bununla Rusiya, ABŞ və Avropaya mesaj verdi ki, Ukrayna Türkiyənin çətiri altında nəzarətdədir. Əslində Türkiyənin belə bir mesaj verməsi qanunauyğun və məntiqlidir. Çünki, Türkiyə NATO-nun üzvüdür, nəinki regionda, eləcə də bütün dünyada aparıcı rola malikdir. Ona görə də dünyanın nizamının dəyişdirilməsi məsələsində bu ölkənin də sözü keçərli olmalıdır. Bu amillər nəzərə alınaraq Türkiyənin bu məsələdə rolunu həm ABŞ, həm də Rusiya yüksək dəyərləndirir.
Məhz bununla əlaqədar olaraq  ABŞ və Rusiyanın xarici işlər nazirləri Ankaraya səfər edərək danışıqlar prosesi ilə bağlı Türkiyə dövlətini məlumatlandırıblar. Xatırladaq ki,  Rusiya və ABŞ  Zelenskinin legitimlik məsələsini gündəmə gətirməklə ona təzyiq etmək istəyirlər. Belə halda aparılacaq danışıqların Zelenskinin istəyinə uyğun nəticələnməsi üçün Türkiyənin dəstəyinə ehtiyac var. Türkiyə ən azından  Zelenskinin legitimliyini dəstəkləyərək, onun sülh danışıqlarında iştirakını təmin edə bilər. Bu da münaqişənin diplomatik həllində Türkiyənin rolunu daha da gücləndirir. Odur ki, Rusiya-Ukrayna müharibəsinin sonunclanmasında Türkiyənin də maraqları nəzərə alınmalıdır.

Yeri gəlmişkən qeyd edək ki, Türkiyənin müharibənin dayandırılmasında rolu ən azından vasitəçilik missiyasından ibarət ola bilər. Yəni, münaqişənin həlli üçün ABŞ və Rusiya arasında aparılan danışıqlar Türkiyədə reallaşa bilər. Türkiyə, Qara dəniz hövzəsindəki geosiyasi maraqları və iqtisadi imkanları nəzərə alaraq, sülh prosesində mühüm vasitəçi ölkə ola bilər.
Xatıladaq ki, Ukrayna prezidenti V. Zelenski ilə görüş zamanı da Türkiyə prezidenti Rəcəb  Tayyip Ərdoğanın türk şirkətlərin Ukraynada döyüş əməliyyatlarının fəsadlarının aradan qaldırılması səylərini dəstəkləməyə hazır olduqlarını bildirmişdi. Məlumata görə, rəsmi Kiyev potensial sülh sazişinin bağlanmasından sonra ölkənin yenidən qurulmasını Türkiyəyə təklif edib. Müharibə ilə əlaqədar bir çox şəhərlərin və yaşayış məntəqələrinin dağıldığı Ukraynada yenidənqurma və bərpa işləri ilə bağlı danışıqlar sürətlənib. Türkiyənin Kiyev səfirliyinin nümayəndələri Ukraynanın İcma və Regionların İnkişafı Nazirliyinə nəzdində İnfrastrukturun İnkişafı və Yenilənməsi Dövlət Agentliyinin rəsmiləri ilə görüşərək, Ukraynada Türkiyə şirkətlərinin həyata keçirdiyi layihələr və gələcək potensial əməkdaşlıq imkanlarını müzakirə ediblər. Ukraynalı rəsmilər ölkənin müharibədən sonra yenidən qurulması prosesinə dair planlaşdırma işlərinin davam etdiyini, bu il həyata keçirilməsi nəzərdə tutulan və təcili xarakter daşıyan bəzi layihələr üçün aprel və may aylarında tender elan olunmasının gözlənildiyini bildiriblər. Rəsmi Kiyevin nümayəndələri artıq bu ilin aprel-may aylarında yenidənqurma və bərpa işləri ilə bağlı tender elan olunmasının planlaşdırıldığını diqqətə çatdırıb. Ukraynalı rəsmilər 2025-ci ildə həyata keçirilməsi nəzərdə tutulan digər mühüm layihələrə dair də Türkiyə tərəfinə sənəd təqdim ediblər. Sənəddə bəzi enerji və enerji səmərəliliyi layihələri, sosial mənzil layihələri, su təchizatı layihələrinin yer aldığı öyrənilib.

Qeyd edək ki, Türkiyə ilə Ukrayna arasında təkcə diplomatik deyil, eyni zamanda iqtisadi əlaqələr də yüksək səviyyədədir. Hələ 2000-ci illərdən bəri Ukrayna türk malları üçün əhəmiyyətli bir bazar rolunu oynayır.  O dövrdən başlayaraq cəmi bir neçə il ərzində türklərin Ukraynaya illik ixracatı 289 milyon dollardan 1730 milyon dollara yüksəlib. Eyni zamanda Ukraynanın Türkiyəyə ixracatının illik dəyəri 758 milyon dollardan 4812 milyon dollara qalxıb. Təhlillər göstərir ki, Rusiyanın özü də danışıqların Avropasız aparılması qənaətindədir. Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Moskva Avropa İttifaqının sülhməramlı qüvvələrinin Ukrayna ərazisində yerləşdirilməsi variantlarını nəzərdən keçirmir. Lavrov Fransa və Böyük Britaniyanın bu təşəbbüsünü münaqişənin dərinləşməsinə yönəlmiş addım kimi qiymətləndirib və Parisin sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlı təklifini "hiyləgər siyasət" adlandırıb. Bundan əlavə, Rusiya XİN rəhbəri Ukraynadakı münaqişənin təmas xətti üzrə "dondurulmasını" istisna edib və Ukraynanın bəzi qanunvericilik aktlarını "rasist" adlandıraraq onların ləğvini tələb edib. Sadalanan faktlar deməyə əsas verir ki, Ukraynanın suverenliyinin qorunub saxlanmasında Türkiyə faktoru əsas amildir.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31