Xocalıda dalğalanan bayrağımız bu cinayəti törədənlərə ən layiqli cavabdır- ÖZƏL
26 Fevral 2025 14:55 Siyasət"Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib: "2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Cənab Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. 2024-cü il fevralın 26-da Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoydu, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Bu gün Xocalıda həyat yenidən canlanır. Şükür ki, Xocalı soyqırımı qurbanlarının, şəhidlərimizin qanı yerdə qalmadı, onların ruhları şaddır. Biz şəhidlərimizin qisasını döyüş meydanında aldıq. Xocalıda dalğalanan bayrağımız bu cinayəti törədənlərə ən layiqli cavabdır".