İspaniyalı deputat: Aİ Ermənistanın Avropaya inteqrasiyasını dəstəkləməlidir – ÖZƏL
26 Fevral 2025 11:36 Siyasətİspaniya Parlamenti deputatı Con İnyarritu hesab edir ki, Avropa İttifaqı (Aİ) Ermənistanın Avropaya inteqrasiyası istiqamətində atdığı addımları dəstəkləməli və Yerevanın qarşılaşdığı çağırışlar qarşısında tək qalmamasını təmin etməlidir.
Olaylar.az xəbər verir ki, bu fikirləri o, "Armenpress" agentliyinə müsahibəsində səsləndirib. İnyarritu Ermənistan parlamentinin Aİ-yə üzvlük prosesinə başlamaqla bağlı qanun layihəsini birinci oxunuşda qəbul etməsinə toxunaraq bildirib ki, Ermənistanın yeri həmişə Avropada olub.
"Ermənistanın yeri həmişə Avropada olub - istər mədəni, istərsə də tarixi baxımdan. Avropa İttifaqı Ermənistanı onun Avropa ailəsindəki qanuni yerini bərpa etməsi üçün dəstəkləməlidir", - deyə ispan deputat vurğulayıb.
İnyarritunun fikrincə, qanun layihəsinin vətəndaş imzalarının toplanması yolu ilə irəli sürülməsi və geniş ictimai dəstək qazanması Ermənistanın milli siyasətinin formalaşmasında və Avropa ilə əlaqələrinin inkişafında vətəndaş cəmiyyətinin rolunun artdığını göstərir.
"Aİ bu cəsarətli addımı dəstəkləməli və təmin etməlidir ki, Ermənistan bölgədəki azsaylı demokratiyalardan biri olaraq tək qalmasın", - deyə deputat əlavə edib.
Eyni zamanda, o, Avropa İttifaqına üzvlük yolunun çətin olduğunu və idarəçilik, qanunun aliliyi və iqtisadi inkişaf sahələrində ciddi islahatlar tələb etdiyini vurğulayıb.
"Əgər qanun layihəsi qəbul olunarsa, Ermənistan Aİ-nin standartlarına və dəyərlərinə uyğunlaşmaq üçün zəruri addımları atmalıdır", - İnyarritu bildirib.
Deputat həmçinin Ermənistanın Rusiya ilə münasibətləri və Moskvanın bu kontekstdə mümkün reaksiyası barədə də danışıb.
"Biz unutmamalıyıq ki, Rusiya Ermənistan və Aİ arasında daha sıx əlaqələrin qurulmasını əngəlləmək üçün genişmiqyaslı kampaniya başlada bilər. Keçmişdə Moskva Ermənistana Avrasiya İqtisadi İttifaqına qoşulmaqdan başqa seçim qoymamışdı", - deyə ispan parlamentar qeyd edib.
Qeyd edək ki, Ermənistan Milli Assambleyası fevralın 12-də keçirilən iclasında "Ermənistan Respublikasının Avropa İttifaqına üzvlük prosesinə başlanması haqqında" qanun layihəsini birinci oxunuşda qəbul edib. Layihənin lehinə 63, əleyhinə isə 7 deputat səs verib.