Azərbaycan Ordusu Xocalı faciəsi qurbanlarının qisasını aldı - ÖZƏL

"2020-ci ilin Vətən müharibəsində Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızı azad edərək Xocalı faciəsi qurbanlarının qisasını aldı". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı  Bədəl Bədəlov deyib: "44 günlük müharibədə qəhrəmanlıq nümunələri göstərən şanlı ordumuz Xocalı şəhərini də 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlədi. Prezident İlham Əliyev tərəfindən 2023-cü il oktyabrın 15-də bu şəhərdə dövlət bayrağımızın ucaldılması şəhidlərin xatirəsinə hörmət və Azərbaycan xalqının birlik, həmrəliylik ruhunu bir daha nümayiş etdirdi. Azad edilmiş torpaqlar Xocalı soyqırımı qurbanlarına ehtiramın təcəssümüdür.

Hər il fevralın 26-da Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq minlərlə insan Bakıda "Ana harayı" abidəsini ziyarət edir. Xocalı soyqırımının 30-cu ildönümündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ümumxalq yürüşü təşkil edilmişdir. Xocalı faciəsi yalnız Azərbaycan xalqı üçün deyil, bəşər tarixində böyük bir faciədir. Bu cinayət insanlıq tarixində Holokost kimi digər soyqırımlarla müqayisə oluna biləcək dəhşətli bir hadisədir. Tarixi ədalətin bərpası və gələcək nəsillərin belə fəlakətlərlə üzləşməməsi üçün Xocalı faciəsinin beynəlxalq səviyyədə tanıdılması, təbliği və müvafiq hüquqi qiymətin verilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan xalqı Xocalı şəhidlərinin xatirəsini daim ehtiramla yad edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31