Xocalıda Azərbaycan Bayrağı qaldırılmaqla tarixi ədalət bərpa olundu- ÖZƏL

"1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımından 33 il ötür. Birinci Qarabağ müharibəsinin ən dəhşətli səhifələrindən biri olan bu qətliyam Ermənistan silahlı qüvvələri və MDB-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayı tərəfindən insanlığa sığmayan əməllərlə müşaiyət olunmuş, beynəlxalq hüququn norma və prinsipləri kobudcasına pozulmuşdur. Ermənistan millətçi qüvvələri tərəfindən törədilmiş bu tarixi cinayət nəinki Qarabağ müharibəsi zamanı, eyni zamanda dünya tarixində baş vermiş ən dəhşətli bəşəri cinayətlərdən biri hesab olunmalıdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fəzail İbrahmli deyib: " İnsanlıq əleyhinə törədilmiş bu soyqırım zamanı şəhərin 5379 nəfər əhalisi qışın qarlı, şaxtalı havasında ağır şəraitdə deportasiya olunmuş, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalmışdır. Əsir və girov götürülənlərdən 150 nəfərin taleyi hələ də məlum deyil. Eyni zamanda 487 Xocalı sakini müxtəlif bədən xəsarətləri almış, minədək dinc sakin əlil olmuş, 8 ailə tam məhv edilmiş, 613 nəfər, o cümlədən 63 uşaq, 70 qoca, 106 qadın ağılasığmaz işgəncələrlə vəhşicəsinə öldürülmüş, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirmiş, Xocalı şəhəri dağıdılaraq xarabalığa çevrilmişdir.
Azərbaycan dövləti XX əsrin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımı aktının dünyada tanınması, soyqırıma siyasi-hüquqi qiymətin verilməsi işini dövlət səviyyəsində həyata keçirir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisin 1994-cü il 24 fevral tarixli qərarı ilə hər il fevralın 26-sı "Xocalı soyqırımı günü" kimi qeyd olunur. 1995-ci il 24 fevral tarixində Milli Məclis dünya parlamentlərinə və müxtəlif beynəlxalq təşkilatlara Xocalı soyqırımı ilə bağlı müraciət etmişdir. "Xocalıya ədalət!" çağırışına cəmi 18 dövlət müsbət cavab verməklə bu qanlı faciəni soyqırım aktı kimi qəbul etmişdir. Ulu öndər Heydər Əliyevin 1997-ci il 25 fevral tarixli fərmanı ilə hər il 25 fevral saat 17:00-da Xocalı soyqırımı qurbanlarının xatirəsi bütün ölkə ərazisində sükutla qeyd edilir. 
 2020-ci ilin sentyabrında İkinci Qarabağ müharibəsindəki tarixi qələbə və 2023-cü il 19-20 sentyabrında Azərbaycan ordusunun lokal xarakterli antiterror tədbirləri nəticəsində torpaqlarını tamamilə işğaldan azad edən Azərbaycan Respublikası Qarabağ müharibəsində tarixi zəfər çalmaqla özü tarixi ədaləti bərpa etmiş oldu. Dünyanın bir sıra aparıcı dövlətlərinin Ermənistana açıq dəstək vermələrinə, silahlandırmalarına baxmayaraq, Azərbaycan tarixi torpaqlarını separatçılardan təmizləməyə nail oldu. Prezident İlham Əliyev Xocalı sakinləri ilə görüşdə qeyd edirdi: "Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik. Və nəhayət, o tarixi an 2023-cü ildə yaşandı". 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı qaldırılmaqla tarixi ədalət bərpa olundu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31