Ermənistanın Aİ-yə üzvlüyü illər tələb edəcək – Nils Uşakov – ÖZƏL

Avropa Parlamentinin deputatı Nils Uşakov  Ermənistanın Avropa İttifaqına mümkün üzvlüyü ilə bağlı danışıb və bu prosesin vaxt və islahatlar tələb etdiyini vurğulayıb.

Olaylar.az xəbər verir ki, o, bu barədə Ermənistan-Aİ Parlament Əməkdaşlıq Komitəsinin 4-cü iclasından sonra keçirilən mətbuat konfransında bildirib.

"Aydındır ki, Ermənistan nə bu il, nə də gələn ilin sonuna qədər Aİ-yə üzv olmayacaq. Bu proses vaxt və müəyyən səylər tələb edir. Lakin Aİ-yə üzvlük yolunda aparılacaq hər bir islahat Ermənistanı daha güclü edəcək və ölkəni istədiyi mövqeyə çatdıracaq", - deyə Uşakovs qeyd edib.

Onun sözlərinə görə, Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı real gözləntilər olmalıdır: "Əgər hansısa siyasətçi Ermənistanın bir neçə ilə Aİ-yə üzv ola biləcəyini vəd edirsə, bu, şişirdilmiş gözləntilərdir. Bu proses Latviya, Litva, Slovakiya və Çexiyada olduğu kimi illər tələb edir. Latviya Aİ-yə illərlə aparılan islahatlar nəticəsində üzv oldu və eyni proses Ermənistana da aiddir. Real müddət 5, 7 və ya 10 il ola bilər", - o bildirib.

Uşakovs vurğulayıb ki, Aİ-yə üzvlük üçün tələb olunan islahatlar sadəcə "Aİ-nin arzu siyahısı" deyil, əksinə, hər bir cəmiyyət üçün vacib dəyişikliklərdir.

"Qanunun aliliyinin gücləndirilməsi, rifah səviyyəsinin yüksəldilməsi və sistemli islahatlar Ermənistan üçün həyati əhəmiyyət kəsb edir - ölkə gələcəkdə hansı ittifaqı seçməsindən asılı olmayaraq", - Avropa Parlamentinin deputatı bildirib.

Sonda o qeyd edib ki, Ermənistan vətəndaşlarına real gözləntilər təqdim edilməlidir ki, gələcəkdə məyusluq yaşanmasın və əgər xalq Aİ-yə üzvlük yolunu seçərsə, bu proses uğurla tamamlanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31