Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş bir cinayət idi- ÖZƏL

"Xocalı soyqırımının törədilməsindən 33 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri Xocalı şəhərində dinc əhaliyə qarşı kütləvi qətliam törətdi. 600-dən çox insan, o cümlədən uşaqlar, qadınlar və qocalar amansızcasına qətlə yetirildi. Bu soyqırım təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bir cinayət idi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib: "Təxminən 30 il sonra Azərbaycan ədaləti bərpa etdi. Biz torpaqlarımızı, o cümlədən Xocalını azad etdik və ərazi bütövlüyümüz uğrunda mübarizəmizin həm haqlı, həm də qaçılmaz olduğunu sübut etdik. Lakin həqiqi sülh yalnız dinc əhaliyə qarşı hərbi cinayətlərə görə məsuliyyət daşıyanlar ədalət qarşısına çıxarıldıqda mümkündür. Tarix artıq bizə göstərib ki, beynəlxalq ictimaiyyət insanlığa qarşı cinayətlərdə günahkar olanları layiq olduqları məsuliyyətə cəlb edə bilər. İkinci Dünya Müharibəsindən sonra nasist Almaniyasının liderləri beynəlxalq məhkəmədə - Nürnberq prosesində əməllərinə görə cavab verdilər. Bu, ədalətin bərpasının və bütün dünya üçün bir dərsin simvolu oldu: kütləvi qırğınlar və etnik təmizləmələr heç vaxt cəzasız qalmayacaq. Azərbaycan eyni yanaşmanın erməni tərəfinin törətdiyi hərbi cinayətlərə də tətbiq olunmasını tələb edir. 30 ildən çox müddət ərzində xalqımız işğal, etnik təmizləmə, şəhər və kəndlərin dağıdılması, eləcə də Xocalıdakı kimi dəhşətli qırğınlar yaşadı. Bu gün torpaqlarımız azad edildikdən sonra biz dinc əhaliyə qarşı törədilən vəhşiliklərə əmr verənlərin və iştirak edənlərin hamısının məsuliyyətə cəlb olunmasına çalışmalıyıq".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31