"Ermənistanın Xarici İşlər nazirinin BMT-dəki çıxışı sülh prosesinə zərbə vurur" – Sahil Kərimli – ÖZƏL

Qərbi Azərbaycan İcması Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyanın BMT-nin İnsan Hüquqları Şurasının 56-cı Sessiyasındakı çıxışına münasibət bildirib. Bəyanatda vurğulanır ki, Mirzoyanın Azərbaycanda məhkəməsi davam edən müharibə cinayətkarlarını müdafiə etməsi insan hüquqları anlayışına ziddir və sülh səylərinə mane olur.

İcma nazirin Xocalı soyqırımı ildönümündə bu bəyanatla çıxış etməsini qurbanların ruhuna hörmətsizlik kimi dəyərləndirib. Həmçinin, Ermənistanın zorla çıxardığı Qərbi azərbaycanlıların geri qayıdışına şərait yaratmaq əvəzinə, Azərbaycandan köçmüş ermənilərin məsələsini gündəmə gətirməsi riyakarlıq kimi qiymətləndirilib.

Bəyanatda qeyd edilir ki, Ermənistan 1991-ci il Almatı Bəyannaməsinə istinad etsə də, onu imzaladıqdan sonra Azərbaycanın 20 faizini işğal edib və 800 min azərbaycanlını etnik təmizləməyə məruz qoyub. Ermənistanın sürətlə silahlanması və maneəsiz tranzit öhdəliyini yerinə yetirməməsi də sülhə xidmət etmir.

İcma Ermənistan hökumətini qeyri-konstruktiv siyasətə son qoymağa, azərbaycanlıların qayıdışına imkan yaratmağa və sülh üçün zəruri addımları atmağa çağırıb.

Mövzu ilə bağlı Olaylar.az-a danışan Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli bildirib ki, Ararat Mirzoyanın çıxışı Ermənistanın sülh prosesinə mane olan riyakar və qeyri-konstruktiv mövqeyini açıq şəkildə göstərir:

"Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyanın BMT-dəki növbəti təxribatçı və riyakar çıxışı əlbəttə ki, ilk növbədə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesinə çox ciddi zərbədir. Bu, həmçinin Ermənistanın qeyri-konstruktiv mövqeyini, riyakar və ikiüzlü, ümumiyyətlə, heç bir, həm Beynəlxalq Hüquqa, insanlığa sığmayan bir mövqedir ki, Ermənistan bu gün yenə də bu mövqeyi nümayiş etdirir və Ermənistan Azərbaycanı nələrdəsə ittiham edərək özünü günahsız, dünya ictimaiyyətinə sülhpərvər nümayiş etdirir. Əslində isə Mirzoyanın söylədiyi bu fikirlərin həm tarixi, həm də hüquqi əsası yoxdur. Bu fikirlər birbaşa olaraq Azərbaycana qarşı yönəlmiş növbəti hücumdur. Əvvəla, onu qeyd etməliyik ki, Ermənistan 30 ilə yaxın Azərbaycanın suveren ərazilərini işğal altında saxlayıb, talayıb, yerlə yeksan edib. Ərazilərimiz həm ekoloji baxımdan və digər baxımlardan böyük talana məruz qalıbdır. Eyni zamanda da Azərbaycan xalqına qarşı müharibə cinayətləri, kütləvi soyqırım aktları törədilibdir".

Siyasi şərhçi qeyd edib ki, Ermənistanın Xarici İşlər nazirinin açıqlaması həm Xocalı soyqırımı qurbanlarına hörmətsizlik, həm də sülh prosesinə mane olan məsuliyyətsiz bir addımdır.

"Bu açıqlamanın Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində edilməsi birbaşa olaraq insanlıqdan uzaq addımdır. Eyni zamanda da Azərbaycan xalqına bir təhqirdir. Ona görə də Ermənistan tərəfi bu cür qeyri ciddi və məsuliyyətsiz bəyanatlar səsləndirməyi tamamilə dayandırmalıdır və Azərbaycanla sülh müqaviləsinin imzalanmasını uzatmamalıdır. Paralel olaraq bütün dünya yaxşı bilir və bu bir tarixi faktdır ki, Qərbi Azərbaycanda hazırkı Ermənistan adlanan ərazilərdə, yəni tarixi Azərbaycan ərazilərində xalqımıza qarşı kütləvi deportasiyalar və cinayətlər həyata keçirilibdir. Qərbi Azərbaycanda, öz ata-baba yurdlarında, uzun illər tarixən yaşayan soydaşlarımız zorla  ata-baba yurdlarından didərgin salınıblar, qovulublar və onlara qarşı çox ciddi, amansız deportasiyalar həyata keçirilibdir. Yəni bütün bunlar tarixi fakt kimi ortadadır və Ermənistanın Xarici İşlər nazirinin bu cür bəyanatlar səsləndirməsi konkret olaraq məsuliyyətsiz və eyni zamanda da Ermənistanın riyakar siyasətinin açıq göstəricisidir".

Sahil Kərimli əlavə edib ki, Azərbaycan dövləti dəfələrlə bu cür qərəzli və heç bir əsası olmayan bəyanatlara çox qəti və sərt cavab verib. 

"Azərbaycan ictimaiyyətində, xalqında bu cür açıqlamalar da əlbəttə ki, hiddətlə qarşılanır və Azərbaycan xalqının haqlı qəzəbinə səbəb olur. Əlbəttə ki, Ermənistan rəhbərlərinin elə Nikol Paşinyanın, Ararat Mirzoyanın, Simonyanın və digər rəsmilərin bu cür ziddiyyətli, məsuliyyətsiz bəyanatlarını biz zaman-zaman görmüşük və təəssüf ki, bu cür mövqe bu gün də davam edir. Əlbəttə ki, bu fikirlər Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlərə də çox ciddi təsir edir. Bundan başqa, sülh danışıqları prosesində də çox ciddi maneələr yaradır".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31