Nils Uşakovs Türkiyəyə çağırış etdi – ÖZƏL
25 Fevral 2025 12:40 SiyasətAvropa İttifaqının (Aİ) Ermənistandakı mülki müşahidə missiyası Ermənistan-Azərbaycan sərhədində vəziyyətin sabitləşməsinə kömək edib.
Olaylar.az xəbər verir ki, bunu Aİ-Ermənistan Parlament Tərəfdaşlıq Komitəsinin həmsədri Nils Uşakovs bu gün İrəvanda keçirilən komitənin 4-cü iclasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Rusiya bu missiyanı hədəf alır və ittihamlar irəli sürür. "Lakin sual yaranır: silahsız mülki missiya onlar üçün hansı təhlükə yarada bilər? Onlar bunu sülh razılaşmasına maneə kimi görməyə çalışırlar. Bakı bu əməkdaşlığı qəbul etmir və Aİ missiyasının Ermənistandakı fəaliyyətinə son qoymaq istəyir. Lakin Ermənistan qarşılıqlı silah nəzarət mexanizmləri təklif edib və bu, onun sülh gündəliyinə sadiqliyinin nümunəsidir. Azərbaycanın bu məsələyə reaksiyasını anlamaq və izah etmək çox çətindir," - deyə Uşakovs qeyd edib.
O əlavə edib ki, Aİ Ermənistanın irəli sürdüyü "Sülhün Kəsişməsi" layihəsi ilə də maraqlanır. Layihənin regional əlaqələrin və kommunikasiyaların açılması üçün vacib olduğunu bildirən Uşakovs, bunun Ermənistan üçün Avropaya inteqrasiya və iqtisadi şaxələndirmə baxımından da önəm daşıdığını vurğulayıb.
Uşakovs həmçinin, Türkiyəyə çağırış edərək Ermənistan-Türkiyə sərhədləri ilə bağlı məsələlərin Ermənistan-Azərbaycan münasibətləri gündəmindən ayrılmalı olduğunu bildirib.