Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtması təmin edilməlidir - Nazir müavini
24 Fevral 20:29 SiyasətErmənistandan qovulmuş 250 mindən çox azərbaycanlının təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtması təmin edilməlidir.
Olaylar.az xəbər verir ki, bu barədə bu gün Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədov Cenevrədə İnsan Hüquqları Şurasının 56-cı Sessiyasının Yüksək Səviyyəli İclasında çıxışı zamanı deyib.
"Digər bir mühüm məsələ isə münaqişənin ilk illərində Ermənistandan qovulmuş 250 mindən çox azərbaycanlının təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasını təmin etməkdir.
Onlar beynəlxalq insan hüquqları hüququnun açıq-aşkar pozulması ilə öz ata-baba yurdlarından məhrum qalıblar.
Bir vaxtlar Ermənistanda ən böyük milli azlığı təşkil edən Qərbi Azərbaycan İcmasının onların dinc qayıdışının asanlaşdırmaqla bağlı dialoqa başlamaq çağırışlarına yenə də məhəl qoyulmur və bu səylər Ermənistan hökuməti tərəfindən Azərbaycanın ərazi iddiası kimi qəsdən yanlış şərh edilir.
Bu, BMT-nin müvafiq mexanizmləri tərəfindən lazımi qaydada nəzərdən keçirilməli olan bizi narahat edən məsələdir", o qeyd edib.