"Sülh danışıqlarında vasitəçiliyə ehtiyac yoxdur" – Aytən Qurbanova – ÖZƏL

Vasitəçi, mübahisələrin həllində tərəflər arasında dialoqu təşviq edən, etimadı artıran və münaqişənin sülh yolu ilə həllinə yardım edən bir şəxs və ya qurumdur. Hazırda ABŞ, Rusiya və Avropa İttifaqı kimi müxtəlif beynəlxalq aktorlar  Azərbaycan və Ermənistan arasında bu rolu oynamağa çalışırlar.
 
Azərbaycan və Ermənistan arasında vasitəçiyə ehtiyac varmı? 

"Azərbaycan ikinci Qarabağ müharibəsi nəticəsində ərazi bütövlüyünü bərpa edərək münaqişəyə son qoyub və indiki mərhələdə sülh danışıqları ikitərəfli formatda davam etdirilir"

Bu fikirləri siyasi şərhçi Aytən Qurbanova Olaylar.az-a açıqlamasında bildirib.

"İlk olaraq onu qeyd etmək lazımdır ki, artıq münaqişə həll olunub. Azərbaycan ikinci Qarabağ müharibəsi nəticəsində öz ərazi bütövlüyünü bərpa edərək münaqişəyə son qoyub. İmzalanmış kapitulyasiya aktı da bunun bariz nümunəsidir. İndiki mərhələdə sülh danışıqlarının davam etdirilməsi də məhz Azərbaycanın qətiyyətli və konkret addımlarının nəticəsində mümkün olub. Üç uğursuz formatdan sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə danışıqlar ikitərəfli formatda davam etdirilir".

Siyasi şərhçi əlavə edib ki, tarixi təcrübəyə əsasən, vasitəçilərin olduğu formatlar uğursuz olduqda, birbaşa danışıqlar çərçivəsində 17 bənddən 15-i üzrə razılıq əldə olunub və Azərbaycanın Ermənistanla sülh prosesində qarantora daha çox ehtiyacı var.

"Tarixi təcrübə onu göstərir ki, vasitəçilərin olduğu heç bir format uğurlu olmadığı halda, birbaşa danışıqlar çərçivəsində kifayət qədər yol qət edilib. Sülh müqaviləsində əks olunacaq 17 bənddən 15-i üzrə razılıq əldə olunub. Delimitasiya və demarkasiya komissiyasının fəaliyyəti də paralel olaraq davam etdirilir. Belə olan halda düşünmürəm ki, üçüncü və ya dördüncü hər hansı bir tərəf sülh prosesinə töhfə verə bilsin. Sadəcə bəzi dövlətlər görüşlərin keçirilməsi üçün təşkilatçılıq təşəbbüsü ilə çıxış edirlər ki, bu Azərbaycan tərəfindən hər zaman müsbət qarşılanır. Nəticə etibarilə, Azərbaycan ilə Ermənistan arasında danışıqlar prosesində vasitəçiyə deyil, Ermənistanın götürdüyü öhdəlikləri yerinə yetirməsinə təsir edəcək nəzarətçiyə və ya qarantora daha çox ehtiyac var".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31