Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri: Strateji tərəfdaşlıq və qardaşlıq münasibətləri – ÖZƏL

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif fevralın 23-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib. Səfər çərçivəsində Məhəmməd Şahbaz Şərif fevralın 24-də Bakıda Zəfər parkını ziyarət edib. Eyni zamanda, bu gün Azərbaycan Prezidenti İlham Əliyev ilə Pakistan Baş nazirinin təkbətək görüşü baş tutub. Bu görüş iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi məqsədini güdür.

Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a danışıb. O bildirib ki, Azərbaycan və Pakistan, müstəqillik bərpa edildikdən sonra başlayan strateji tərəfdaşlıq çərçivəsində siyasi, iqtisadi, mədəni və təhlükəsizlik sahələrində 34 illik ikitərəfli münasibətlərini daha da gücləndirir:

"Dövlətimiz müstəqilliyini bərpa etdikdən sonra onu tanıyan ilk ölkələrdən biri də Pakistan olub. Bundan qısa müddət sonra qurulan diplomatik əlaqələr Azərbaycan ilə Pakistan arasında strateji tərəfdaşlıq münasibətlərinə qədər yüksəlib. 
Ölkələrimiz ən çətin dövrlərində hər zaman bir-birinə sarsılmaz dəstək göstərib, qardaşlıq əlini uzadıb, humanitar məsələlərdə də həmrəylik nümayiş etdirib. Hazırda siyasi, iqtisadi, texnoloji, təhlükəsizlik, mədəni sahələrdən tutmuş hərbi sektora qədər bütün sahələri əhatə edən 34 illik ikitərəfli münasibətlər və əməkdaşlıq günümüzdə də artan templə irəlləyir. Münasibətlərimiz sosial-iqtisadi əlaqə, daha yaxşı siyasi anlaşma və geostrateji və artan hərbi əməkdaşlıq əsasında möhkəmlənir. Hər iki ölkə ikitərəfli əlaqələrini daha da möhkəmləndirilməsi üçün müxtəlif platformalarda geniş imkanlara malikdir".

Siyasi şərhçi əlavə edib ki, Ölkə liderləri müntəzəm qarşılıqlı səfərlər edərək sosial-iqtisadi, hərbi və ticari əlaqələri gücləndirir, eyni zamanda, Pakistan Azərbaycanın beynəlxalq müstəvidə mühüm diplomatik dəstəkçisi və əsas hərbi tərəfdaşıdır.

"Ölkə liderləri müntəzəm olaraq demək olar hər il qarşılıqlı səfərlər edərək ikitərəfli əməkdaşlığın inkişafını artırmaq və gücləndirmək üçün ən yüksək səviyyədə müzakirələr aparırlar. Sosial-iqtisadi əlaqələrimizin, hərbi əməkdaşlığın möhkəmlənməsi, ticarət və işgüzar əlaqələrin inkişafı hər iki ölkə üçün faydalı perspektivlər vəd edir. 
Azərbaycan üçün Pakistan həm də beynəlxalq müstəvidə mühüm diplomatik dəstəkçi və son illərdə əsas hərbi tərəfdaşlardan biridir. Ən vacibi isə hər iki dövlət beynəlxalq arenalarda bir-birini dəstəkləyib".

Elmir Səftərov qeyd edib ki, Pakistan, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyərək Ermənistanın işğalçı siyasətini pisləmiş, Xocalı soyqırımını tanımış və eyni zamanda Kəşmir məsələsində Azərbaycanın mövqeyini dəstəkləmişdir.

"Pakistan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə səmimi və əməli dəstəyini nümayiş etdirərək bu münasibətlərin qardaşlığa çevrilməsinə böyük töhfələr verib. Belə ki, Ermənistanın işğalçı siyasətini pisləyərək keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər zaman Azərbaycanın mövqeyini dəstəkləyib. Bundan başqa, Pakistan Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərinin dinc əhalisinə qarşı törətdiyi soyqırımını kəskin şəkildə pisləyən və beynəlxalq ictimaiyyəti Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə məcbur etməyə çağıran qətnamə qəbul edən ilk ölkə olub. Pakistan Senatı da Xocalı hadisələrini soyqırımı kimi tanıyıb. Pakistan vaxtilə Azərbaycan torpaqlarının işğalı ilə əlaqədar Ermənistanı hələ də müstəqil dövlət kimi tanımayıb".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31