Almaniyada yeni dövr: Sərt siyasət kursu gözlənilir – ÖZƏL
14:51 SiyasətAlmaniyada keçirilən parlament seçkilərinin nəticələrinə görə, hazırkı kansler Olaf Şoltsun rəhbərlik etdiyi Sosial Demokratlar Partiyası məğlub olub. Səsvermədə Xristian Demokrat və Xristian Sosial Birlik (CDU/CSU) ittifaqı 29 faiz səs toplayaraq qalib gəlib.
Seçkilərin nəticələrinə əsasən, CDU/CSU-nun lideri Fridrix Merz Almaniyanın yeni kansleri olacaq. "Alman Tramp" ləqəbi ilə tanınan Merz sərt siyasət kursu ilə seçilir və xüsusilə miqrantlarla bağlı mövqeyi ilə diqqət çəkir.
Bəs Fridrix Merzin kansler seçilməsi Almaniyanın daxili və xarici siyasətinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı siyasi şərhçi Ramiyə Məmmədova Olaylar.az-a danışıb. O bildirib ki, Fridrix Merz, Merkel dövründə siyasətdən uzaqlaşsa da, Olaf Şoltsun hakimiyyəti zamanı geri qayıdaraq Almaniyanın daha almanlaşması ideyası ilə kansler seçildi:
"Almaniyada Olaf Şolts seçkilərdə məğlub oldu. Fridrix Merz Xristian Demokratlar Partiyasının lideri olaraq yeni kansler seçildi. Fridrix Merzin siyasətə gəlməsi çox böyük maraq doğurur. Merkel hakimiyyətə gəlməmişdən öncə Merz partiyada iştirak edirdi. Lakin bir dəfə də kansler olmaq üçün onun adından çıxış edirlər ki, Merzi kansler kimi təyin etsinlər. Lakin o zaman Xristian Demokratlar başqa bir kandidatura verirlər və Merzin kandidaturası hissədən çıxır və ondan sonra Merz sadəcə olaraq partiya nümayəndəsi olaraq iştirak edir. Merkelin hakimiyyətə gəlməsindən sonra Merz ümumiyyətlə siyasəti geridə buraxır. Çünki Merkelin siyasəti daha konservativ olduğuna, Merz ilə heç cür uyğun gələ bilmədiyinə görə Merz siyasəti geridə buraxır və bizneslə məşğul olur. Öz yaşadığı ərazidə advakatlıq eliyir və o böyük bir şirkətdə bizneslə məşğul olmağa başlayır. Merkelin hakimiyyətindən sonra, Olaf Şoltsun zamanda yenidən siyasətə qayıdır və çox böyük liberal fikirlərlə çıxış edir. Liberal fikirlərdə birinci Almaniyanın daha almanlaşması, yəni həm mədəni, həm irsi olaraq. Buradakı miqrantların Almaniya mədəniyyətinə və Almaniyaya uyğun gəlib-gəlməməsinə baxılması və ümumiyyətlə başqa fikirlərlə də, yəni sosial məsələlərlə məsələn, abortlara qarşı çıxması və s. Ukrayna ilə Rusiya savaşında Ukraynaya tam dəstək vermək tərəfində olur və Rusiyanı bu müharibədə tamamən yüzdə yüz günahlandırararaq, Ukraynaya tamamilə dəstək verilməsini və qırıcı təyyarələrin verilməsini Şoltsun hakimiyyətindən tələb edir. Halbuki Şolts buna qarşı olur".
Siyasi şərhçi əlavə edib ki, Fridrix Merz, miqrant siyasətində sərt mövqeyi, Ukraynaya tam dəstəyi və Avropa Birliyinin güclənməsi ilə bağlı kəskin çıxışları səbəbindən "Almaniyanın Trampı" kimi görülərək, ölkədə yeni və radikal dəyişikliklərə imza atacağı gözlənilən kanslerdir.
"Bugünkü gündə Merzi Almaniyanın Trampı kimi çağırırlar. Çünki Almaniyanın Trampı olaraq, yeniliklər gətirmək və yeni qərarlar və Almaniyanın daxilində yeniliklər gətirmək niyyətində olan bir kansler kimi görünür və Merzin miqrantlarla olan məsələsində çox kəskin çıxışları var və o Almaniyada daha çox Alman dilini dərindən bilən, alman mədəniyyətini bilən alman toplumuna, sosiumuna çox yaxın olan insanların qəbul olunmasını və ümumiyyətlə saxlanılmasının tərəfindədir. Bununla bağlı kəskin çıxışları mövcuddur. Bugünkü gündə Merzin Almaniyada yeni qərarlar gətirəcəyini və yeni addımlar atacağı gözlənilir. Təbii ki, Merzin bundan sonra kiminlə koalisiyaya girəcəyi, hansı partiyalarla birlikdə bu iqtidarı yürüdəcəyi hələ bəlli deyil. Ona görə onun yürüdəcəyi yeni siyasəti maraqla gözləyirik. Çünki Olaf Şoltsdan fərqli olaraq Merz Ukraynanın NATO-ya qəbul olunmasını istəyir və Avropa Birliyində da sakit, neytral yanaşan Şoltsa qarşı Merz daha kəskin çıxışlar edir və Avropa Birliyinin birləşməsinin, Avropa Birliyinin daha güclü olmasının tərəfdarıdır. Miqrantlarla bağlı yəqin ki, Tramp kimi böyük bir dəyişiklik edərək, hansısa miqrantların ölkədən çıxmasına da əl atacaq".
Səidə Ramazanova