Prezident İlham Əliyev: Azərbaycan və Pakistan iqtisadi tərəfdaşlığı siyasi sahədəki səviyyəyə çatdırmalıdırlar

Azərbaycan və Pakistan iqtisadi tərəfdaşlığı siyasi sahədəki səviyyəyə çatdırmalıdırlar.

Olaylar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə geniş tərkibdə görüşü zamanı çıxışında deyib.

"Bu gün cənab Baş nazirlə görüşüm əsnasında ikitərəfli gündəliyin əsas hissəsini artıq nəzərdən keçirdik və hazırda söhbət nümayəndə heyətləri ilə davam edir. Əminəm ki, səfər ölkələrimiz arasında qardaşlıq əlaqələrini gücləndirəcək. Biz beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməkdə davam edəcəyik. Bu gün çox geniş iqtisadi gündəliyi razılaşdırdıq və iqtisadi əməkdaşlığımıza, eləcə də sərmayə imkanlarına aid praktiki layihələri müzakirə etdik. Azərbaycanın Pakistana sərmayələri ilə bağlı imzalanacaq sənədlərin bir ay ərzində hazırlanması məqsədilə artıq öz heyətlərimizə fəal çalışmaq təlimatlarını verdik. Mənim Pakistana dövlət səfərim zamanı rəsmən bəyan etdim ki, Azərbaycan Pakistanda müxtəlif layihələrə minimum 2 milyard dollar sərmayə yatırmağa hazırdır", - Prezident İlham Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan təxminən bu yaxınlarda həmin layihələrin siyahısını artıq alıb və heyətlər onları dəyərləndirir: "Beləliklə, hər bir məsələni yekunlaşdırmaq və bizə hesabat vermək üçün qardaşımla birgə bir ay müddət veririk. Münasibətlərimiz nəinki xalqlarımız, o cümlədən təmsil etdiyimiz regionlar üçün həqiqətən vacibdir. Pakistan ilə Azərbaycan arasında bu cür qardaşlıq münasibətlərini görmək iki qardaş müsəlman ölkəsi arasında tərəfdaşlığın yaxşı nümunəsidir. Biz beynəlxalq təsisatlarda hər zaman bir-birimizi dəstəkləyirik, ölkələrimizin ərazi bütövlüyünə, suverenliyinə güclü dəstək veririk və qeyd etdiyim kimi, qarşımızda çox geniş sərmayə gündəliyi dayanır. Əminəm ki, bu gün əhatə edəcəyimiz bütün məsələlər, eləcə də bir çox digər sahələr üzrə işimiz Biznes Forumunda davam edəcək və aramızda daha sıx tərəfdaşlıq olacaq. Biz iqtisadi tərəfdaşlığımızı siyasi sahədəki səviyyəyə çatdırmalıyıq və bu, qarşılıqlı siyasi iradənin aydın təzahürünə çevriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31