Ballıca kəndində fərdi evlərin tikintisi xalqın öz köklərinə geri dönüşüdür- ÖZƏL
14:32 Siyasət"Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirdi, qəhrəman övladlarımızı Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etdi. İllər keçdi. Şanlı Ordumuz 44 günlük Vətən müharibəsində Xocalı faciəsi qurbanlarının da qisasını yerdə qoymadı". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar Məmmədov deyib: "Bu döyüşlərdə Xocalı qatillərinin bir qismi öz layiqli cəzalarını aldılar. Xocalı şəhəri isə 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində müqəddəs üçrəngli bayrağımızı ucaltdı. Bununla da, Xocalı faciəsi qurbanlarının, şəhidlərimizin ruhu şad oldu. Hazırda Xocalı şəhərində bərpa işləri sürətlə həyata keçirilir. Faciənin 33-cü ildönümü ərəfəsində Prezidentin Xocalıya səfəri, rayonun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olması ərazi bütövlüyünün bərpası, həm də bir xalqın tarixə, mədəniyyətə və öz köklərinə geri dönüşüdür".