Trampın Zelenskiyə qarşı sərt tənqidi: Rusiya-Ukrayna münaqişəsinə yeni dinamikalar gətirə bilərmi? – ÖZƏL
24 Fevral 2025 13:06 SiyasətSon zamanlar ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə bağlı fikirləri dəyişib. Tramp Zelenskini "diktator" adlandıraraq, Ukraynanın Rusiya ilə münaqişəsində Kiyevi günahlandırıb. O, həmçinin, Ukraynadakı seçkilərin keçirilməməsini tənqid edib və Zelenskinin sülhə nail olmaq üçün kifayət qədər səy göstərmədiyini iddia edib.
Bəs Donald Trampın Zelenski haqqında dedikləri Rusiya-Ukrayna münaqişəsinin gedişatına və regionda təhlükəsizlik vəziyyətinə hansı yeni dinamikalar əlavə edə bilər?
Mövzu ilə bağlı siyasi şərhçi Əli Zülfüqaroğlu Olaylar.az-a danışıb. O bildirib ki, Tramp Rusiyaya güzəştə getməyi planlaşdıraraq, Ukrayna münaqişəsini öz lehinə yönləndirməyə çalışır:
"Trampın Ukrayna ilə bağlı fikirləri öncədən də belə idi. Təkcə Zelenski ilə bağlı deyil, Makron şousu və Kanada hökuməti və digər qlobalçıların dəstəklədiyi liderlərə qarşı Tramp kəskin mövqe nümayiş etdirəcək və onların devrilməsinə çalışacaq. Ona görə də Birləşmiş Ştatlar daxilində Trampa qarşı təzyiqlərin artacağını ehtimal etmək mümkündür. Bu baxımdan Tramp çalışır ki, Rusiya ilə münasibətləri normallaşdırsın və beləliklə də bir sıra dövlətlərin dəstəyini qazansın. Tramp çalışır ki, Ukraynanın müəyyən əraziləri Rusiyaya güzəştə keçsin, faydalı qazıntıları isə Birləşmiş Ştatlar tərəfindən istismar olunsun. Təbii ki, Zelenski buna qarşı çıxır və Ukrayna Avropa İttifaqı, Kanada, Türkiyə və digər ölkələrin bu prosesdə marağından istifadə edərək ABŞ və Rusiyaya qarşı təzyiq kartları formalaşdırmağa çalışır. Zelenski bilir ki, əgər seçki olarsa, yaxud vəziyyət bu formada davam edərsə, o zaman Tramp və Putin onu devirməyə çalışacaqlar. Buna görə də çalışır ki, müharibəni davam etdirsin. Beləliklə də ona qarşı Ukraynasız Ukrayna danışıqlarının reallaşmaması üçün konkret nəticələr əldə etsin".
Siyasi şərhçi əlavə edib ki, dünya gərgin bir vəziyyətdədir və Ukraynanın taleyi isə sual altındadır.
"Dünyada kifayət qədər gərgin vəziyyət var. Beynəlxalq Hüquq yoxdur. Ümumiyyətlə, dövlətlərarası münasibətlər sistemini tənzimləyən beynəlxalq təşkilatlar funksionallığını itirib. Bu, dünyada daha ciddi təhlükələrə və təhlükəli presidentlərin yaranmasına səbəb olur. Hazırda təhdid altında olmayan dövlət və xalq mövcud deyil. Dünya nizamı çöküş prosesinə qədəm qoyur və bu, bir sıra problemlərə yol açır. Ona görə də düşünürəm ki, bundan sonrakı dönəmlərdə Zelenskinin devrilməsi üçün Putin və Tramp ciddi səy göstərəcəklər. Amma Zelenskin də dirənəcəyi və Ukraynanın maraqlarının təmin olunması, öz siyasi mövcudluğunun qorunması üçün müxtəlif addımlar atacağını gözləmək olar. Vəziyyət kifayət qədər gərgindir və Ukraynanın gələcək taleyi sual altındadır".
Səidə Ramazanova