Ermənistanın yeni Konstitusiya layihəsi: Paşinyan sülh sazişi üçün iddialardan imtina edir mi? – ÖZƏL
12:19 SiyasətErmənistanın baş naziri Nikol Paşinyan, ölkənin yeni Konstitusiya layihəsini təqdim edib. Layihənin xalq tərəfindən keçiriləcək referendumda müzakirə olunacağı bildirilir. Paşinyan, yeni "Həqiqi Ermənistan" ideologiyasını təqdim edərək, müstəqillik və sülh konsepsiyasının əsas yer tutduğunu vurğulayıb. O, bu ideologiyanın Ermənistana daha sabit bir gələcək qazandıracağını ifadə edib.
Eyni zamanda, Ermənistan hökuməti milli təhlükəsizlik strategiyasına yenidən baxılması üçün komissiya yaradıb. Paşinyan, bu islahatların Azərbaycanla sülh sazişinin imzalanmasını yaxınlaşdıra biləcəyini düşünür.
Mövzu ilə bağlı siyasi şərhçi Elçin Xalidbəyli Olaylar.az-a danışıb. O bildirib ki, ermənilərin Azərbaycan ərazilərinə iddialarından tamamilə imtina edəcəyinə inanmaq sadəlövhlükdür, lakin Paşinyanın Konstitusiya dəyişiklikləri qərarı, bu iddialardan siyasi və hüquqi imtina anlamını daşıyır:
"Ermənilərin Azərbaycan ərazilərinə iddialarından tamamilə imtina edəcəklərinə inanmaq sadəlövhlük olardı. Onlar onilliklər boyu Azərbaycan torpaqlarına göz dikiblər. Yəqin ki, bundan sonra da həmişə gözləri Azərbaycanın ərazilərində olacaq. Ancaq bununla belə, Paşinyan hakimiyyətinin Konstitusiya dəyişiklikləri barədə qərar verməsi ümumi şəkildə Ermənistanın Azərbaycana ərazi iddialarından siyasi və hüquqi cəhətdən imtina etməsi anlamı daşıyır və bu da çox önəmli məsələdir. Əslində Paşinyan hakimiyyəti Konstitusiya dəyişiklikləri ilə bağlı məsələnin gündəmə gətirilməsini 2026-cı ildən sonraya saxlamaq niyyətində idi və hesab edirdi ki, bu məsələnin indi gündəmə gətirilməsi və hər hansı bir prosesin başladılması, yəni Konstitusiya dəyişiklikləri ilə bağlı prosesin başladılması onun növbəti parlament seçkilərində məğlubiyyətinə yol aça bilər. Ancaq dünyada gedən proseslər elə istiqamətlər alıb ki, Paşinyan hakimiyyəti bu məsələni məhz indi gündəmə gətirmək məcburiyyətində qalıb".
Siyasi şərhçi qeyd edib ki, Paşinyan ABŞ-nin dəstəyinin azalması və daxili müqavimətə qarşı, Ermənistanın Azərbaycanla sülh sazişi imzalaya bilməsi üçün Konstitusiyasındakı ərazi iddialarını ləğv etməyə çalışır.
"Son baş verənlər onu göstərir ki, Ermənistan Amerika Birləşmiş Ştatlarının etdiyi dəstəyi artıq itirmək üzrədir. Amerika Birləşmiş Ştatlarının dəstəyi olmadan Ermənistanın Avropa Birliyindən də əvvəlki səviyyədə dəstək alması o qədər də inandırıcı deyil. Çünki Avropa Birliyi adətən Amerika Birləşmiş Ştatları ilə paralel hərəkət etməyə vərdişlidir. Yəni bütün bunlar onu göstərir ki, Tramp administrasiyasının hakimiyyətə gəlişi ilə ABŞ-nin Cənubi Qafqaz siyasəti dəyişir. Eyni zamanda Ermənistana yanaşma tərzi dəyişir. Bu isə Ermənistanın əleyhinə olan bir prosesin ön plana çıxdığını göstərir. Paşinyan hakimiyyəti də bundan narahatdır və belə situasiyada Ermənistanın yenidən təklənə biləcəyi və Azərbaycanın qarşısında müdafiəsiz qala biləcəyindən narahat olur və bu səbəbdən də Azərbaycanla Sülh sazişinin ən qısa zamanda imzalanması üçün şəraitin yaradılmasına cəhd göstərir. Məlumdur ki, Azərbaycanın əsas tələbləri sırasında ilk növbədə Azərbaycana ərazi iddialarının yer aldığı Ermənistan Konstitusiyasının dəyişdirilməsi şərti ön planda yer tutur. Yəni əgər Ermənistan Azərbaycanla sülh sazişinə imza atmaq istəyirsə, mütləq öz Konstitusiyasını dəyişdirməlidir, ordakı Azərbaycana ərazi iddialarını ifadə edən müddəaları ləğv etməlidir. Ona görə də Ermənistan baş naziri Nikol Paşinyan məhz bu prosesin artıq başladılmasının qaçılmaz olduğunu anlayır və yeni Konstitusiya layihəsini gündəmə gətirib və bu, Ermənistan üçün yeganə şansdır ki, Konstitusiyanı dəyişərək Azərbaycanla sülh sazişi imzalasın və bununla da Ermənistanın gələcək taleyini xilas eləmək şansı qazansın. Hələlik Paşinyana müəyyən müqavimət ola bilər, daxili müqavimət ola bilər və bu daxili müqavimətinin də qarşısını almaq üçün Paşinyan "Real Ermənistan" ideyasını ortaya atıb, Ermənistan cəmiyyətinə anlatmağa çalışır ki, əgər erməni toplumu başqalarının ərazilərinə göz dikərək, böyük və uydurma Ermənistan xəyallarının arxasınca gedərsə, o zaman hazırda əlində olan real Ermənistanı da itirmək təhlükəsi qarşısında qala bilər.
Belə anlaşılır ki, əgər Paşinyan hakimiyyəti yaxın vaxtlarda Konstitusiyasındakı Azərbaycan ərazilərinə olan iddiaların ləğv olunmasına nail olarsa, Azərbaycanla sülh sazişinin imzalanması üçün də münbit şərait yarana bilər".
Səidə Ramazanova