“Böyük Qayıdış” Proqramı uğurla həyata keçirilir- ÖZƏL
21 Fevral 2025 13:24 Siyasət"44 günlük İkinci Qarabağ müharibəsində şanlı Qələbəmizdən dərhal sonra başlanan bərpa-quruculuq işlərinin miqyası bu gün qayıdış ünvanlarının, həmçinin bura qayıdan köçkünlərin say tərkibində özünün aydın ifadəsini tapır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Malik Həsənov bildirib: "Böyük Qayıdış Proqramına uyğun olaraq, 2022-ci ilin iyul ayında Zəngilanın Ağalı kəndinə başlanan köç prosesi hazırda azad olunmuş digər ərazilərdə uğurla davam edir. Artıq Zəngilanın Ağalı kəndi ilə yanaşı, Ağdərə rayonunun Talış kəndində, Füzuli, Şuşa, Laçın, Cəbrayıl və Xocalı şəhərlərində, Laçın rayonunun Sus, Zabux, Xocalı rayonunun Ballıca kəndlərində on mindən çox keçmiş məcburi köçkün evlərlə təmin edilib. Qürurvericidir ki, son dörd ildə dövlət büdcəsindən vəsaitin ayrıldığı sahələr sırasında azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri xüsusi yer tutur. Bu il bu məbləğ 4 milyard manatdır. Ümumilikdə 2020-ci ildən başlayaraq 2025-ci il də daxil olmaqla dövlət büdcəsindən bərpa-quruculuq işlərinə 22 milyard manata yaxın vəsait ayrılıb. Azərbaycanın iqtisadi və maliyyə imkanları hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olmağa stimul verir. Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə hər bir səfəri bu mühüm məqamların təqdimatında əhəmiyyətli rol oynayır".