Sevinc Fətəliyeva erməni deputatın əsassız iddialarına cavab verib- ÖZƏL
21 Fevral 2025 11:11 SiyasətMilli Məclisin deputatı Sevinc Fətəliyeva ATƏT PA qış sessiyası çərçivəsində Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər üzrə Ümumi Komitədə "Yeni texnologiyalar və sosial media: seçkilərə təsirləri" mövzusunda xüsusi müzakirələrdə iştirak və çıxış edib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "Çıxışımda həmçinin Ermənistan parlamentinin deputatı Lilit Galstyanın müzakirələrdən kənar, Azərbaycana qarşı əsassız iddialarına da cavab verdim. Belə ki, erməni deputat çıxışında hazırda Bakıda məhkəməsi keçirilən Azərbaycan dövlətinə və xalqına qarşı ağır cinayətlər törətmiş erməniəsilli şəxsləri, xüsusilə Ruben Vardanyanı "hərbi əsir" kimi təqdim edərək onların məhkəməsinin obyektivliyi ilə bağlı tədbir iştirakçılarında yanlış rəy formalaşdırmağa çalışıb.
Bu ittihamlara və əsassız narahatlıqlara cavab olaraq, Azərbaycanın milli qanunvericilik və beynəlxalq konvensiyalara uyğun olaraq, öz ərazisində cinayətlərdə, o cümlədən hərbi cinayətlərdə və terrorizmdə ittiham olunan şəxsləri araşdırmaq və mühakimə etmək suveren hüququna malik olduğunu erməni həmkarına xatırlatdım: "Ruben Vardanyan və Qarabağ bölgəsindən olan digər 15 keçmiş "rəsmi şəxs" terrorizm, soyqırım və hərbi cinayətlərdə ittiham olunurlar. Azərbaycan bu məhkəmə proseslərini şəffaf və hüquqi standartlara uyğun şəkildə aparır".