Yeni güc balansının formalaşması: ABŞ- Rusiya yaxınlaşması - ÖZƏL
20 Fevral 17:51 SiyasətSəudiyyə Ərəbistanında keçirilən Rusiya-ABŞ danışıqlarından sonra Rusiya nümayəndəsi Uşakov görüşün müsbət keçdiyini bildirib. Rusiya və ABŞ-ın bir-birinin maraqlarını nəzərə almağa razılaşdığı açıqlanıb.
Danışıqlardan əvvəl Rusiya XİN rəhbəri Sergey Lavrov Ukraynaya ərazi güzəştlərinin mümkünlüyünü rədd edib. Bundan əvvəl ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ukraynanın NATO-ya üzv olmayacağını və torpaqların geri qaytarılmasının istisna olduğunu bildirmişdi.
Mövzu ilə bağlı Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, siyasi şərhçi Sahil Kərimli Olaylar.az-a bildirib ki, Donald Trampın hakimiyyətə gəlməsi ilə Ukrayna məsələsinin həllində birtərəfli mövqenin ortaya çıxması ilə yeni bir mərhələyə başlayıb:
"Bu gün dünyada olduqca maraqlı və bir qədər təəccüb doğuran geosiyasi proseslər hökm sürür və bu da xüsusilə Amerika Birləşmiş Ştatlarında Donald Trampın hakimiyyətə gəlməsindən sonra hiss olunur. Bu gün Tramp Ukrayna məsələsinin həlli ilə bağlı, konkret, birtərəfli mövqe tutub və Ukraynanın maraqları nəzərə alınmadan, Ukraynanın heç bir iştirakı olmadan artıq Rusiya ilə danışıqlara start verilib. Bu da Ukrayna torpaqlarının Amerika və Rusiya tərəfindən bölüşdürülməsi adlandırıla bilər. Artıq Ukrayna torpaqlarının Rusiyaya güzəştə gedilməsi ilə bağlı ortada gizli bir planın olduğu şübhə doğurmur. Xüsusilə də bu gün Rusiya artıq Ukrayna üzərində həm hərbi, həm siyasi qələbənin astanasındadır. Çünki bu işdə Amerika Birləşmiş Ştatları Rusiyaya ciddi dəstək verir. Proseslər tamamilə ortadadır. Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı artıq söhbət belə gedə bilməz. Çünki Amerika Birləşmiş Ştatlarının vitse prezidenti və digər Avropa ölkələri də, hətta rəhbərləri də bununla bağlı ciddi və konkret, birmənalı açıqlamalar verirlər. Əgər əvvəlki illərdə Ukraynanın Avropa İttifaqına və NATO-nun üzvlüyünə qəbulla bağlı söz gedirdisə, artıq bu mümkün deyil".
Siyasi şərhçi qeyd edib ki, Ukraynanın məğlubiyyəti və ABŞ ilə Rusiya arasındakı yaxınlaşma, Rusiyanın siyasi və hərbi nüfuzunu artıraraq bölgədə yeni güc balansının formalaşmasına səbəb olacaq.
"Qarşıdakı dövrlərdə Ukraynanın məğlub duruma düşməsi və Rusiya ilə Amerika arasında yaxınlaşmanın daha da dərinləşməsi fonunda bölgədə yeni güc balansına bu proseslərin çox ciddi təsir edəcəyi qaçılmazdır. Yəni Rusiya əgər bu məsələlərdə qalib çıxarsa, necə ki, artıq biz bunu görürük. Təbiidir ki, bundan sonra Rusiya həm siyasi, həm də hərbi baxımdan daha da böyük nüfuza sahib olacaq. Bu istiqamətdə müəyyən nüfuz qazanacaq və bu da təbiidir ki, regionda yeni güc balansının formalaşmasına gətirib çıxaracaq".
Səidə Ramazanova