“Aİ-nin Ermənistandakı missiyası bölgədə sabitliyə xidmət etmir”– ÖZƏL

Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritterin sərhəddə insidentlərin azalması ilə bağlı açıqlamaları təəccüblü deyil. Aİ missiyası bölgədəki varlığını əsaslandırmaq və guya sabitliyə xidmət etdiyini göstərmək üçün bu cür manipulyasiyalara əl atır.

Siyasi şərhçi Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib ki, bu cür bəyanatlar missiyanın siyasi məqsədlərə xidmət etdiyini göstərir:

"Biz bundan sonra da oxşar açıqlamaları eşidəcəyik. Aİ missiyası bölgədə yerləşdiyi müddətdə öz varlığını legitimləşdirmək üçün sərhəddə insidentlərin azaldığını iddia edəcək. Halbuki real vəziyyət tam başqadır. Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası ikitərəfli formatda aparılır. Bu prosesdə Aİ missiyasının hansısa ciddi rol oynadığını iddia etmək qeyri-ciddidir", - deyə Oqtay Qasımov qeyd edib.

Siyasi şərhçi vurğulayıb ki, missiyanın əsl məqsədi sülh deyil, geosiyasi maraqlara xidmət etməkdir:

"Aİ missiyasının Ermənistana göndərilməsi ilk gündən sülh quruculuğu məqsədi daşımayıb. Əksinə, bu missiya bölgədə Aİ-nin maraqlarını təmin etmək və gələcəkdə hərbi missiyaya çevrilmək üçün zəmin yaratmaq məqsədi güdür. Ermənistanın sərhədlərində yerləşən bu müşahidəçilər kəşfiyyat xarakterli fəaliyyətlə məşğul olurlar və bu, bölgədə vəziyyəti daha da mürəkkəbləşdirə bilər".

Oqtay Qasımov əlavə edib ki, Aİ-nin özünün də geosiyasi problemləri artmaqdadır və bu missiyanın gələcəyi sual altındadır:

"Dünyada geosiyasi mənzərə dəyişir və Aİ özü də ciddi problemlərlə üz-üzədir. Ukrayna müharibəsi fonunda Aİ danışıqlar prosesindən kənarlaşdırılıb və ABŞ aparıcı rolu öz üzərinə götürüb. Belə olan halda, Aİ-nin Ermənistandakı missiyasının gələcəyi də kifayət qədər problematikdir. Bu missiya bölgədə uzunmüddətli qalmaq üçün bəhanələr axtarsa da, onun perspektivi olduqca qeyri-müəyyəndir", - deyə siyasi şərhçi fikrini tamamlayıb.

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31