Rusiya Azərbaycanın Aİİ-yə qoşulmasını istəyir – İndi mümkün deyil, amma gələcəkdə labüddür?- ÖZƏL

Rusiya baş nazirinin müavini Aleksey Overçuk Tehranda keçirilən Üçüncü Xəzər İqtisadi Forumunda çıxışı zamanı Xəzər beşliyi ölkələrinə Avrasiya İqtisadi İttifaqı ilə yaxınlaşmanın faydalarını nəzərdən keçməyi təklif edib.
Mövzu ilə bağlı siyasi şərhçi Elşad Həsənov Olaylar.az-a  bildirib ki, bu tədbir region ölkələri arasında iqtisadi və siyasi əlaqələrin möhkəmlənməsinə töhfə verə bilər. Rusiya isə Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmasını təşviq etməyə çalışır:

"Tehranda keçirilən Xəzər İqtisadi Forumunda Azərbaycanın baş naziri də iştirak edib və bu forum çox əhəmiyyətlidir. Xəzər dənizinin kənarında olan ölkələr iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdir. Son dövrlərdə də Azərbaycanla İran arasında münasibətlər istiləşməyə doğru gedir və Overçukun çıxışında bir həqiqət var ki, Avrasiya İqtisadi İttifaqı ölkələrin daha da yaxınlaşmasına səbəb ola bilər. İqtisadi əlaqələr qurulduqca, siyasi əlaqələr də həmişə möhkəmlənir. Siyasət də həmişə iqtisadi baza təşkil olandan sonra yaranır. Yəni iqtisadiyyat həm də siyasətin bir növ təməlidir. Yaxın qonşuluq, region ölkələrinin bir  birinə münasibətləri, iqtisadi münasibətlər artdıqca həm siyasi, həm iqtisadi, həm mədəni formada da əlaqələr daha da genişlənir. Bəli, Xəzəryanı ölkələrdən Qazaxıstan Avrasiya İttifaqının üzvüdür, Azərbaycan isə heç müşahidəçi deyil. Amma Azərbaycan bu İttifaqın  Xəzəryanı ölkələrinin işində iştirak edir. Çünki  Azərbaycan da iqtisadi cəhətdən inkişaf etmiş bir ölkədir. Cənubi Qafqazın lider ölkəsidir və Xəzər dənizində də gördüyü böyük iqtisadi layihələr göz önündədir. Ona görə də təbii ki, Rusiya çalışır ki, Azərbaycan da bu iqtisadi ittifaqa qoşulsun.

Siyasi şərhçi qeyd edib ki, hazırda Rusiya-Azərbaycan münasibətlərindəki soyuqluq səbəbindən Azərbaycanın yaxın zamanda Avrasiya İqtisadi İttifaqına qoşulacağı gözlənilmir.

"Ancaq son zamanlar Rusiya-Azərbaycan arasında yaranan soyuqluğa görə bunun yaxın zamanda olacağını düşünmürəm. Ancaq hesab edirəm ki, gələcəkdə bəli, Avrasiya İqtisadi İttifaqına Azərbaycanın üzv olması labüd olacaq. Çünki yeni dünya düzəmində artıq son günlərin proqnozu onu göstərir ki, Tramp Putinlə vəziyyəti normallaşdırır, yəni  Rusiya yenidən hegemon ölkələr sırasına qaytarılır. Ona görə də hesab edirəm ki, gələcəkdə bəli, məhz Avrasiya İqtisadi İttifaqına Azərbaycan da üzv olmağa məcbur olacaq. Ancaq hələlik Azərbaycanın öz iqtisadi maraqları var və bu maraqlardan çıxış edərək də öz siyasətini qurur. Müharibə dönəmində də, torpaqlarımız işğal altında olan dönəmdə də Iran  həmişə bizim düşmənimizə kömək edib. Ancaq buna baxmayaraq, biz  İrana qarşı  qonşuluq münasibətlərini normal saxlamağa çalışmışıq.  Ancaq son günlər onu göstərir ki, İran da artıq başa düşür ki, region ölkələrinin bir birinə normal münasibət qurması, gələcək təhlükələrdən onları sığortalaya bilər. Bəli, ona görə də Azərbaycan öz iqtisadi, siyasi, milli maraqlarını qoruyaraq digər ölkənin təsiri altında siyasət yeritmir, özünün milli maraqlarına uyğun siyasət yeridir".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31