Bərpa-quruculuq işlərinin aydın mənzərəsini Ballıca kəndinin timsalında təqdim etmək mümkündür- ÖZƏL

"Xocalı rayonunun Ballıca kəndinin timsalında bərpa-quruculuq işlərinin aydın mənzərəsini təqdim etmək mümkündür. Ballıca kəndi bərpa edilən və keçmiş köçkünlərin qayıtdığı 10-cu yaşayış məntəqəsidir. Artıq burada 500-ə yaxın insan yaşayır. Bu gün bölgəni, bu yerləri görməyən balaca uşaqlar, gənclər həvəslə qayıdırlar, işləyirlər, qururlar, yaradırlar". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Malik Həsənov deyib: "Bu, bir daha xalqımızın nə qədər yüksək mənəvi keyfiyyətlərə malik olduğunu göstərir. Sakinlərlə görüşdə cənab İlham Əliyev  bu məqamı böyük qürur hissi ilə vurğuladı ki, keçmiş köçkünlər  hər ay hissə-hissə, qrup-qrup öz dədə-baba torpaqlarına qayıdırlar. Böyük Qayıdış Proqramı icra edilir. Demək olar ki, vaxtilə işğal altında olan bütün torpaqlar bərpa edilir. Bütün Qarabağ, Şərqi Zəngəzur dirçəlir və hər gün  bunu əyani şəkildə görürük".

Millət vəkili qeyd edib ki, 2023-cü ilin sentyabr ayında həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpasından sonra Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə qısa müddətdə görülən işlərin miqyası olduqca böyükdür: "Ötən il 28 May-Müstəqillik Günündə Xocalı şəhəri sakinlərinə qovuşdu. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüb onlara evlərin açarlarını təqdim etdilər. Həmin görüşdə Böyük Qayıdış proqramının Xocalı səhifəsinin  yazıldığını bildirən dövlət başçısı İlham Əliyev belə bir əminliyi də ifadə etdi ki, yaxın gələcəkdə digər xocalılılar da böyük həvəslə buraya qayıdacaqlar. Xocalı faciəsindən, insanlığa qarşı törədilən cinayətdən bəhs edən cənab İlham Əliyev xocalılıların faktiki olaraq müstəqilliyin bütün illərini başqa-başqa yerlərdə, o cümlədən Ağcakənd kəndində keçirməli olduqlarını bildirdi. O da qeyd edildi ki,  birinci köçkün qəsəbəsi məhz Ağcakənd qəsəbəsində xocalılılar üçün Ulu Öndər Heydər Əliyevin  iştirakı ilə salınmışdır. O vaxtdan bu günədək  nə qədər gözəl tarix yazıldı.  Qarabağ tam azad olundu. 44 günlük İkinci Qarabağ müharibəsi başa çatanda xocalılılar inanırdılar ki, bu gün də gələcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31