Çin Rusiya və ABŞ sövdələşməsini özünə qarşı görür- ÖZƏL
20 Fevral 2025 12:35 Siyasət"ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti V.Zelenskini şoumen adlandırıb. Onun prezident postundan getməsini açıq tələb edir. Demək olar ki, ABŞ və Rusiya danışıqlar prosesində V. Zelenskini problem görür. Hər iki prezidentin Ukrayna prezidentinə mövqeyi üst -üstə düşür. V. Zelenski ölkəsinin və xalqının milli maraqlarını cəsarətlə müdafiə edir və güzəştə getmir". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib: "V. Zelenskinin 500 milyard dollarlıq mineral ehtiyatlarla bağlı ABŞ -la müqavilədən imtina etməsi D. Tramp tərəfindən onun danışıqlar prosesində yer almayacağı təzyiqi ilə üz-üzə qoydu. Moskva da V. Zelenskinin getməsi fonunda Ukrayna ilə danışıqlara gedəcəyini qeyd edib. Bu təklif D. Tramp tərəfindən qəbul edilib.
Baş verən proseslərlə bağlı D. Trampın daxili siyasi təzyiqlərlə üzləşməsi mümkündür. Ukrayna məsələsində güzəştlər Vaşinqtonun beynəlxalq imicinə mənfi zərbə olacaq. Avropa ilə siyasi münasibətlər sistemində tektotik dəyişikliklər baş verməsi Vaşinqtonun xarici siyasətini iflasa uğradır. Nəticədə Avropa öz ordusunu qurduqdan sonra ABŞ-a ehtiyacı olmayacaq.
D.Tramp Rusiya ilə Çini ayıracağını düşünür. Amma, bununla Çinin Avropaya yaxınlaşmasına gətirib çıxaracaq. Ümumiyyətlə, Çin Rusiya və ABŞ sövdələşməsini özünə qarşı görür. Ona görə də Çin ötən gün Ukraynanın ərazi bütövlüyü və suverenliyinin qorunması barədə bəyanat verdi. Bu, açıq şəkildə Pekinin növbəti mərhələdə Ukraynanın yanında olması deməkdir. D. Trampın hazırkı siyasəti Ukrayna müharibəsini durdurmasına gətirirb çıxarmayacaq.
Yeni dünya siyasi nizamında Avropa hərbiləşəcək. Öz təhlükəsizliyini özü təmin edəcək. Bu da NATO-nun fiaskosu deməkdir. Avropa İttifaqı öz təhlükəsizliyində Türkiyə ilə koordinasiyalı şəkildə fəaliyyət göstərəcək. Artıq Avropa dövlətləri və Türkiyə Ukraynanı müdafiə edəcək. Avropa ölkələri, Türkiyə və Çin Ukraynanı müdafiə edəcəksə, ABŞ-Rusiya sövdələşməsi baş tutmaya bilər. Amma, ABŞ V. Zelenskini aradan götürə bilər. Artıq V.Zelenskiyə şoumen deyilirsə, Kremlin sevimli kəlməsi olan "nasist" epiteti yapışdırıla bilər. Məhz, D.Trampın Rusiyanı ABŞ-la birgə nasizmə qarşı ikinci dünya müharibəsində savaşdığını deməsi təsadüfi deyildi. ABŞ dövlət və geopolitik maraqları Rusiyaya güzəştə getməməyi tələb edir. Amma, D. Trampın həyata keçirdiyi siyasət mövcud siyasi sistemi dağıdır. ABŞ prezidentinin yeni dünya siyasi nizamını qurması cəhdi Ukrayna siyasətindən asılı olacaq".