USAİD-in ikili standartları: ABŞ-ın yumşaq güc aləti təftiş edilir- ÖZƏL
20 Fevral 2025 11:35 SiyasətABŞ-ın xarici siyasətində yumşaq güc aləti kimi istifadə olunan USAİD müxtəlif ölkələrdə fərqli strategiyalar həyata keçirib. Dost və müttəfiq ölkələrdə hakimiyyətləri və onların dayaqlarını gücləndirən layihələrə dəstək verildiyi halda, rəqib və ya neytral ölkələrdə vətəndaş cəmiyyətləri və müxalif siyasi institutlar vasitəsilə təsir göstərilib. Bu yanaşma USAİD-in fəaliyyətinə dair ikili standartlar iddialarına səbəb olub və təşkilatın ABŞ-ın yeni hakimiyyəti tərəfindən təftiş edilməsi ilə nəticələnib.
Mövzu ilə bağlı Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri Taleh Əliyev Olaylar.az-a danışıb:
"USAİD Amerika Birləşmiş Ştatlarının yumşaq güc vasitəsini qlobal miqyasda təmsil edən bir qurum idi. Adətən Amerika Birləşmiş Ştatları USAİD-in xətti ilə ayırdığı maliyyə dəstəyi ilə dost, müttəfiq gördüyü ölkələrdə hakim rejimləri dəstəkləyən, onların cəmiyyət, xalq arasında dayaqlarını möhkəmləndirməyi qarşılarına məqsəd qoymuş vətəndaş cəmiyyəti institutlarını, o cümlədən elə hakimiyyətlərin özünü dəstəkləyirdi. Bildiyimiz kimi, Saakaşvili hakimiyyəti dönəmində Saakaşvili komandasının demək olar ki, əksəriyyətinin Gürcüstan dövlət büdcəsindən aldığı əmək haqqı ilə paralel, həm də xaricdən, Amerika fondları və o cümlədən digər Qərb fondları tərəfindən ödəniş həyata keçirilirdi. Eyni oxşar təcrübə digər ölkələrdə də tətbiq olunurdu. Yenə təkrar qeyd edirəm, bu o ölkələrdir ki, onların hakimiyyətləri ABŞ-nin dost və müttəfiqi hesab olunurdu. O hakimiyyətlər ki, ABŞ ilə dost, müttəfiq deyildilər, hətta düşmən ölkələri idi. Bu tip ölkələrə və digər üçüncü dünya ölkələrinə ABŞ daha çox mövcud hakimiyyətlərə rəqib olan siyasi institutları, o cümlədən vətəndaş cəmiyyətini dəstəkləməklə ölkələrdəki neqativ halları daha çox ictimailəşdirməklə, xüsusilə də Venesuela kimi digər ABŞ üçün dost olmayan ölkələrdə neqativ halları daha çox qabartmaqla o ölkə hakimiyyətlərinin beynəlxalq aləmdə mənfi imicinin formalaşdırılması istiqamətində fəaliyyət göstərən QHT-lərin fəaliyyətini dəstəkləməklə bu ölkələrin hakimiyyətlərinin həm daxili, həm də xarici siyasətlərinə təsir edirdilər."
Siyasi şərhçi bildirib ki, USAİD-in fəaliyyəti ABŞ-nin dost və müttəfiq ölkələrində hakimiyyətləri gücləndirmək, rəqib ölkələrdə isə vətəndaş cəmiyyəti vasitəsilə təsir göstərmək üzərində qurulub.
"Bu dediklərimizi bu gün ABŞ-nin həm dövlət başçısı Donald Tramp, həm də onun ən yaxın tərəfdaşlarından olan İlon Mask da bildirir və bu səbəbdən də bu gün təkcə Amerikaya dost olmayan ölkələrdə deyil, elə Amerikanın yeni hakimiyyəti üçün də arzuolunmaz bir qurum kimi USAİD-in fəaliyyəti dayandırılıb və təftiş edilir. USAİD-in timsalında ABŞ-nin insan haqları və demokratiya məsələsinə münasibəti ikili olmuşdur. Necə ki, Azərbaycan tərəfi Amerika Birləşmiş Ştatlarını, o cümlədən Qərb dövlətlərini Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə ikili standartlardan çıxış etməkdə ittiham edirdi. Demək ki, USAİD-in xətti ilə maliyyələşən ölkələrin vətəndaş cəmiyyətinin də ikili yanaşması olubdur. O ölkələrdə ki, Amerika Birləşmiş Ştatlarının dost və müttəfiq bildiyi rejimlər hakimiyyətdədir, orada fərqli layihələr icra olunurdu. O ölkələr ki, Amerika Birləşmiş Ştatlarına ya rəqib ölkələrdir, ya da o hakimiyyətlərlə Amerika Birləşmiş Ştatlarının dərin strateji bağları yoxdur. Bu ölkələrdə isə demokratiya, insan haqları və digər bu kimi universal bəşəri dəyərlər adı altında hakimiyyətlərin xarici siyasətinə təsir etmək kimi məqsədlər bu təşkilatın qarşısına qoyulmuşdu".
Səidə Ramazanova