Azərbaycan Türk dünyası ilə Afrika arasında əməkdaşlığın təşəbbüskarı kimi çıxış edir- ÖZƏL
19 Fevral 2025 11:02 Siyasət"Azərbaycan digər ölkələrdən fərqli olaraq, Afrika ilə münasibətlərində bərabərhüquqlu tərəfdaşlıq prinsiplərini əsas tutur və qitənin inkişafına real dəstək göstərməyə çalışır". "Olaylar" xəbər verir ki, bunu YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev deyib: "Humanitar və mədəni əlaqələr də bu münasibətlərin dərinləşməsinə töhfə verir. Azərbaycanın müxtəlif humanitar fondları və təşkilatları Afrika ölkələrində səhiyyə, təhsil və ekoloji layihələr həyata keçirir ki, bu da qarşılıqlı etimadı daha da artırır. Bundan əlavə, Azərbaycanın enerji və kənd təsərrüfatı sahələrində qazandığı təcrübə Afrika ölkələri üçün maraqlı bir model hesab olunur. Azərbaycan Türk dünyası ilə Afrika arasında institusional əməkdaşlığın təşəbbüskarı kimi çıxış edir. Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Afrika ölkələri ilə əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Azərbaycan həm siyasi, həm də iqtisadi sahədə bu iki region arasında əlaqələrin inkişafına töhfə verən əsas aktorlardan biridir. Azərbaycanla əməkdaşlıq Afrikanın xüsusi maraq dairəsində yer aldığından qarşıdakı dövrdə ölkəmizin qitədə rolunun daha da artacağı gözlənilir".