Markus Ritter İlham Əliyevin tələbi ilə bağlı sualdan yayındı- ÖZƏL

Avropa İttifaqı Şurasının Ermənistandakı Aİ müşahidə missiyasının mandatını uzatması Brüsselin missiyanın Cənubi Qafqazda sabitliyə töhfə verən faydalı bir alət olduğunu hesab etdiyini göstərir.

Olaylar.az xəbər verir ki, barədə "Armenpress" agentliyinə Aİ-nin Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritter mandatın uzadılması, missiyanın gələcək fəaliyyəti, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət, həmçinin Azərbaycan tərəfindən Aİ missiyasına qarşı səsləndirilən ittihamlarla bağlı danışarkən bildirib.

Aİ müşahidə missiyasının rəhbəri qeyd edib ki, 2023-cü ilin fevralından, missiyanın Ermənistan-Azərbaycan sərhədində fəaliyyətə başladığı ilk gündən etibarən iki ölkə arasındakı sərhəd insidentlərinin sayı əhəmiyyətli dərəcədə azalıb.

- Cənab Ritter, Avropa İttifaqının müşahidə missiyası artıq iki ildən çoxdur ki, xüsusən də Ermənistan-Azərbaycan sərhədində fəaliyyət göstərir. Ümumilikdə missiyanın fəaliyyətini və onun Cənubi Qafqaz və Ermənistan üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Aydındır ki, 23 fevral 2023-cü ildə Ermənistana gəldiyimiz gündən etibarən sərhəd boyunca və Ermənistan ilə Azərbaycan arasındakı təmas xəttində insidentlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Əminəm ki, bu azalma bizim təsirimiz, sərhəd boyunca patrul xidmətimiz və ümumiyyətlə, bölgədəki mövcudluğumuz sayəsində baş verib. Yalnız biz deyil, həmçinin siyasi şərait, Ermənistan və Azərbaycan arasındakı danışıqlar da insidentlərin azalmasına səbəb olur. Əminəm ki, bizim mövcudluğumuz bu ümumi prosesə dəstək verir.

- 2025-ci ilin yanvarında Avropa İttifaqı Şurası Ermənistandakı Aİ missiyasının mandatını daha iki il - 2027-ci ilə qədər uzatmaq qərarına gəldi. Cənab Ritter, bu qərarı necə qiymətləndirirsiniz və missiyanın mandatının uzadılmasını nə dərəcədə vacib hesab edirsiniz?

- Bu qərarın özü Avropa İttifaqının bizi Cənubi Qafqazda sabitliyə töhfə verən faydalı bir alət kimi gördüyünü göstərir. Bu, həm də onu göstərir ki, Ermənistan tərəfi bizim qalmağımızı istəyir, çünki biz burada Ermənistan hökumətinin dəvəti əsasında yerləşmişik. Bu razılaşmaya və ya Avropa İttifaqı ilə Ermənistan hökuməti arasındakı razılığa əsasən, biz daha iki il burada qalmalıyıq. Bu, bizə müsbət münasibət olduğunu göstərir.

- Azərbaycan daim Aİ-nin Ermənistandakı müşahidə missiyasının fəaliyyətindən narazılığını ifadə edir, missiyanın Bakı və İrəvan arasında nizamlanma prosesinə töhfə vermədiyini bildirir və onu sərhəd ərazilərində kəşfiyyat fəaliyyəti aparmaqda ittiham edir. Bu bəyanatlara münasibətiniz nədir və sizcə, belə bəyanatların məqsədi nədir?

- Artıq qeyd etdiyim kimi, insidentlərin sayı əhəmiyyətli dərəcədə azalıb, insanlar özlərini daha təhlükəsiz və qorunmuş hiss edirlər. Bu, faktdır və bu, bizim işimizin bir hissəsidir. Kəşfiyyat fəaliyyəti ittihamına gəlincə, bu ittihamlar ilk gündən səsləndirilib. Biz əvvəllər nə etmişiksə, indi də eyni şeyi edirik və bunu heç vaxt dəyişməyəcəyik. Biz sərhəd və təmas xəttində açıq şəkildə patrul xidməti həyata keçiririk. Sərhəddə harada oluruqsa, həmişə elə mövqe tuturuq ki, hər iki tərəf bizim orada olduğumuzu görə bilsin. Bizim etdiyimiz hər şey açıq-aşkardır. Biz sərhəddə nə baş verdiyini müşahidə edirik. Bu o deməkdir ki, biz təkcə Azərbaycanın etdiklərinə baxmırıq, eyni zamanda Ermənistan tərəfinin hərəkətlərini də izləyirik. Çünki Brüssel bizim sərhəddəki real vəziyyət barədə məlumat verməyimizi istəyir. Onlar sadəcə Azərbaycanın nə etdiyini öyrənmək istəmirlər. Buna görə də biz hər iki tərəfə baxırıq, çünki Brüsselə tam mənzərəni təqdim etmək istəyirik. Buna görə də biz həmişə açıq şəkildə patrul xidməti həyata keçiririk. Biz heç vaxt gizlənmirik və gizlənməyəcəyik. Biz bunu ilk gündən belə etmişik və indi də eyni şəkildə davam edirik. Bu o deməkdir ki, Azərbaycan tərəfi bizi çox asanlıqla görə və harada olduğumuzu bilə bilər, çünki biz gizlənmək istəmirik. Onların bizim orada olduğumuzu görməsi yaxşıdır. Hətta müşayiət olunan patrul xidmətlərimiz barədə də biz Bakı ofisini bir həftə öncədən xəbərdar edirik. Bu o deməkdir ki, onlar əvvəldən bilirlər ki, biz hara gedəcəyik və harada olacağıq. Bu, tamamilə açıq və şəffaf bir fəaliyyətdir və bizim kəşfiyyat işi ilə heç bir əlaqəmiz yoxdur. Bakı bunu niyə edir, bu sualı onlara vermək lazımdır. Hər halda, biz hər iki tərəf üçün "narahatlıq doğururuq", çünki bu münaqişə zonasına beynəlxalq perspektiv gətiririk. Bu həm Ermənistan, həm də Azərbaycan üçün o deməkdir ki, onlar heç nəyi elə-belə başlaya bilməzlər, çünki biz - beynəlxalq ictimaiyyət və xüsusilə Brüssel - orada baş verənlərdən xəbərdar olacağıq.

- Azərbaycan Prezidenti İlham Əliyevin Aİ müşahidə missiyasının Ermənistan-Azərbaycan sərhədindən çıxarılması tələbini necə qiymətləndirirsiniz? Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan Azərbaycanla artıq demarkasiya olunmuş sərhəd hissələrindən Aİ müşahidəçilərini çıxarmağı təklif edib. Missiyanın bu məsələyə münasibəti necədir?

- Keçən ilin sonunda mən Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdüm və biz bu məsələni müzakirə etdik. Söhbət bizim sərhəddən çıxarılmağımızdan getmir. Söhbət ondan gedir ki, artıq razılaşdırılmış, demarkasiya olunmuş və dəqiq müəyyən edilmiş sərhəd bölgələrində bizə ehtiyac yoxdur. Bizim artıq sərhəd bölgəsində olmağımıza ehtiyac yoxdur, lakin bu, o demək deyil ki, biz kəndlərdə və ya başqa yerlərdə fəaliyyətimizi dayandırmalıyıq. Biz sadəcə sərhəddən bir qədər kənarda patrul xidmətimizi davam etdirəcəyik.

- Sərhəddəki hazırkı vəziyyəti necə qiymətləndirirsiniz?

- Məncə, vəziyyət sabitdir. Sərhəd boyunca baş verən insidentlərin sayı kifayət qədər azdır. Əlbəttə, hər iki tərəf sərhəddə mövqelərini gücləndirməkdə davam edir. Bu, o deməkdir ki, orada yenə də silahlı qüvvələr var. Lakin, ümumilikdə, vəziyyət sakitdir.

- Missiyanın gələcək fəaliyyəti ilə bağlı hansı dəyişikliklər nəzərdə tutulur?

- Biz indiyə qədər gördüyümüz işi davam etdirəcəyik. Təbii ki, mandatımız uzadıldığı üçün fəaliyyətimizi daha da təkmilləşdirəcəyik. Bizim əsas məqsədimiz Cənubi Qafqazda sabitliyə töhfə verməkdir. Bu məqsədlə patrul xidmətimizi davam etdirəcəyik və regiondakı vəziyyəti Brüsselə müntəzəm olaraq təqdim edəcəyik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31