Köçəryanın dili ilə Azərbaycana nə çatdırırlar?- ÖZƏL

"Ermənistanın keçmiş rəhbəri və Azərbaycanın əbədi bağışlamayacağı, hazırda Bakıda məhkəmələri gedən digər  hərbi cinayətkarlar  kimi bir gün qanun qarşısında  cavab verəcək Robert Köçəryanın dünənki açıqlamalarına baxanda  hiss edilir ki,  bunların bir çoxu  onun öz fikirləri deyil. O, hələ "maitsumçu"luğa başladıqları vaxtdan bağlı olduğu, tapşırıqlarını yerinə yetirdiyi  gücün, daha dəqiqi oradakı bəlli çevrələrin tezislərini səsləndirir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Azərbaycanın sərnişin təyyarəsini Qroznı üzərində vurdurub da  üzərlərinə məsuliyyət götürmək istəməyənlər bu tezisləri ona niyə indi dedirtdirirlər, yəqin  aydındır. Baxın, onlar Köçəryanın dili ilə nə çatdırırlar: 1) Ermənistanın ən böyük səhvi odur ki, danışıqları vasitəçisiz aparır, belə olduqda sülhün qorunmasında bir, yaxud bir neçə ölkənin zəmanəti olmayacaq.
2) ATƏT-in Minsk qrupu formatı qorunmalıdır. Sürətlə dəyişən dünyada nə baş
verəcəyini heç kim dəqiq deyə bilməz.
3)ABŞ qəbul edir ki, dünya sadəcə çoxqütblüyə doğru getmir, artıq çoxqütblüdür. 
Bəs Ermənistan nə edir? Vektorunu dəyişir və bunun əlverişli məqam olduğunu düşünür. Mən təkid edirəm ki, bu, ən təhlükəli məqamdır. Diqqətimizi, vektorumuzu açıq-aşkar zəifləyən mərkəzə yönəltməyə çalışırıq və güclənən qütbdən uzaqlaşırıq. Burada hansı məntiq işləyir, mən başa düşmürəm.
4) Təcrübəli kapitan özünün kiçik gəmisini fırtınada okeana çıxarmaz. Yaxud okeanda olarsa, ekipajı xilas etmək üçün böyük bir gəmiyə yaxın olmağa çalışar. Bu insanlar dünyada baş verənləri anlamır və Ermənistanı ciddi şəkildə təhdid edən addımlar atırlar. Mən şübhə etmirəm ki, yaxın vaxtlarda baş nazir cildini dəyişəcək, heç nə olmamış kimi Rusiya Prezidentinə zəng vuracaq və çoxəsrlik dostluq barədə tostlar deməyə başlayacaq.
5) Əgər ABŞ Prezidenti Tramp Rusiyanın G8-ə qayıtmalı olduğunu bildirirsə, bu, Ermənistan üçün də xarici siyasətdə yeni imkanların açılması deməkdir. Qərbin və ya başqasının əlində oyuncaq olmaq cəlbedici deyil. Ermənistan Qərblə düşmənçiliyə getmədən Rusiya ilə düzgün siyasət apara bilər.

Əminəm ki,  yuxardakı bu fikirlərlə tanış olduqdan sonra sizdə Köçəryanın səsləndirdiyi  tezislərin harda hazırlandığı haqda mənim dediklərimin doğruluğuna şübhə yeri qalmayacaq. Beləliklə, Ermənistanın keçmiş rəhbərinin bağlı olduğu çevrələr  bu terrorçu hərbi cinayətkarın dili ilə yenidən onlara sığınmağın vaxtının yetişdiyini çatdırdıqlarını görürük.  Mənim fikrimcə, əslində burada söhbət sığınmaqdan yox, ritorikanı dəyişməkdən gedir. Çünki Paşinyan bu regionda Rusiyanın əleyhinə yönələn hər hansı önəmli addım atamayıb, əksinə çox zaman Moskvayla sinxron hərəkət edib və indi də etməkdədir. Onun Rusiyaya qarşı demarş kimi qiymətləndirilə biləcək açıqlamaları, regionda guya sülh tərəfdarı olduqları və Azərbaycanın torpaq bütünlüyünü tanıdıqları ilə bağlı fikirlərindən elə  də fərlənmir, yəni səmimilikdən çox uzaqdır, gözə kül üfürməkdir. Hərbi cinayətkar Köçəryanın Paşinyanın "sülh qovşağı" haqqında  bir açıqlaması da var ki, açığı məni bir  az təccübləndirdi. Bu, yuxardakılar sayaq tezis deyil, onun öz fikridirsə, demək ki, dəlidən olduğu kimi, arada yaramazdan da doğru nəsə eşitmək mümkünmüş: "Paşinyan dalan şəkli çəkib və onu "qovşaq"  kimi satmaq istəyir, buna baxmayaraq təşəbbüsün başlığı  yaxşıdır. O, təşəbbüsü bu işi bilən insanlara göstərməyə cəhd edəndə onlar özlərinə sual verirlər: "O, bizi axmaq hesab edir, nədir?".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31